Avropa İttifaqı (Aİ) Arktikanın Avropa üçün artan strateji əhəmiyyəti fonunda əməkdaşlığı gücləndirməyə çalışaraq, "Global Gateway" strategiyası çərçivəsində Qrenlandiyaya 200 milyon avro dəyərində investisiya paketi elan edib.
Bu barədə Nuuka səfəri zamanı Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bildirib.
Səfər çərçivəsində Aİ, Qrenlandiya və Danimarka həmçinin energetika, kritik əhəmiyyətli xammal, rəqəmsal infrastruktur, balıqçılıq, təhsil və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsinə dair yeni birgə bəyannamə imzalayıblar.
"Qrenlandiya Aİ-yə arxalana bilər", - fon der Lyayen adanı "strateji müttəfiq və etibarlı dost" adlandıraraq bildirib.
Yeni investisiyaların bir hissəsi peyk rabitəsinin inkişafına, enerji infrastrukturunun modernləşdirilməsinə və bərpa olunan enerjidən istifadənin genişləndirilməsinə, eləcə də mədənçıxarma layihələrinin, turizmin, mənzil tikintisinin və kiçik biznesin dəstəklənməsinə yönəldiləcək.
Aİ həmçinin Avropa sənayesi üçün strateji əhəmiyyətə malik nadir torpaq metallarının hasilatı sahəsində Qrenlandiya ilə əlaqələri gücləndirmək niyyətindədir.
Fon der Lyayen daha əvvəl Aİ-nin Arktikadakı mövcudluğunu gücləndirmək istəyi barədə bildirmişdi. Avropa Komissiyası 2028-2034-cü illər üçün növbəti Aİ büdcəsi çərçivəsində Qrenlandiyaya 530 milyon avro ayırmağı təklif edib, bu da hazırkı maliyyələşdirmə həcmindən iki dəfədən çoxdur.
.
