Avropa İttifaqı Azərbaycanla sərhəddən Türkiyə ilə sərhədə qədər strateji yol marşrutlarının hazırlanmasında İrəvana kömək edəcək.

Yenizaman Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan sosial şəbəkələrdə məlumat verib.

Məlumata görə, Ermənistan Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi Azərbaycan və Türkiyə ilə sərhəddəki nəzarət-buraxılış məntəqələrinə gedən yolların tikintisində respublikaya məsləhət dəstəyinin göstərilməsi haqqında Avropa Komissiyası və Avropa İnvestisiya Bankı ilə niyyət memorandumu imzalayıb.

Birinci mərhələdə Avropa İnvestisiya Bankı qeyd olunan yol layihələri üçün zəruri araşdırmaların miqyasının müəyyən edilməsi və həllərin işlənib hazırlanması məqsədilə Ermənistana məsləhət dəstəyi təqdim edəcək.

Onun sözlərinə görə, təşəbbüs sərhəd keçid məntəqələrini Ermənistanın yol şəbəkəsi ilə birləşdirəcək Axurik-Kayan (Azərbaycanla sərhəddən Türkiyə ilə sərhədə qədər 212 km) və Marqara-Kayan (Azərbaycanla sərhəddən Türkiyə ilə sərhədə qədər 258 km) strateji yol marşrutlarının hazırlanmasına dəstəyi nəzərdə tutur.

"Layihələr Ermənistan hökumətinin "Sülh kəsişməsi" təşəbbüsü çərçivəsində həyata keçirilir və regional nəqliyyat əlaqələrinin inkişafının dəstəklənməsinə, Ermənistanın etibarlı nəqliyyat və logistika qovşağı kimi rolunun gücləndirilməsinə, eləcə də Aİ-nin bağlantı gündəliyinin təşviqinə yönəlib", - nazir bildirib.

.