Avropa İttifaqı Azərbaycanla bərpa olunan enerji, enerji səmərəliliyi və enerji əlaqəliliyi istiqamətlərində əməkdaşlığı genişləndirməyi planlaşdırır.
Bunu Avropa İttifaqının energetika və mənzil tikintisi komissarı Dan Yorgensen Bakıda keçirilən görüşlərdən sonra bildirib.
Komissar qeyd edib ki, Azərbaycan bərpa olunan enerji sahəsində böyük potensiala malikdir və bu istiqamətdə planlaşdırılan genişlənmə Aİ şirkətləri üçün də qarşılıqlı faydalı əməkdaşlıq imkanları yaradır.
Onun sözlərinə görə, enerji səmərəliliyi və Aİ ilə Azərbaycan arasında daha geniş enerji əlaqəliliyinin yaradılması da prioritet istiqamətlərdəndir.
Dan Yorgensen vurğulayıb ki, tərəflər enerji sahəsində yüksək səviyyəli dialoqu davam etdirmək barədə razılığa gəliblər və bu çərçivədə ilin sonunadək Brüsseldə yüksək səviyyəli enerji dialoqu keçiriləcək.
O əlavə edib ki, Bakıda keçirilən görüşlərdə çoxsaylı yüksək səviyyəli nümayəndələrin iştirakı Aİ-Azərbaycan enerji tərəfdaşlığının perspektivlərini və qarşılıqlı etimadı bir daha nümayiş etdirir.
Azərbaycan qazının qəbulu üçün infrastruktur və koordinasiya vacibdir
Azərbaycan qazının Avropaya fasiləsiz çatdırılması üçün müvafiq infrastrukturun qurulması və tərəflər arasında sıx koordinasiya əsas şərtdir.
Bunu Avropa İttifaqının energetika və mənzil tikintisi komissarı Dan Yorgensen Bakıda mətbuat konfransında bildirib.
Komissar qeyd edib ki, qazın qəbulunun təmin edilməsi üçün yerli qurumlar, icmalar və Aİ-yə üzv dövlətlər arasında operativ kommunikasiya və koordinasiya mühüm əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, tərəflər bu prosesi daha da asanlaşdırmaq və əməkdaşlığı gücləndirmək imkanlarını müzakirə ediblər.
.
