​​​​​Bakı şəhərində sərnişin axınının balanslaşdırılmasına və mərkəzdə yüklənmənin azaldılmasına töhfə verəcək növbəti mühüm addım atılıb: 08 may 2026-cı il tarixindən Dərnəgül dəmiryol dayanacağı istifadəyə verilib.

Layihə AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) tərəfindən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilib.

Bakı–Xırdalan–Sumqayıt xətti üzərində inşa edilən Dərnəgül dayanacağı sərnişinlərin təhlükəsizliyini və rahatlığını maksimum səviyyədə təmin etmək üçün ən müasir infrastruktur standartlarına və tam inklüzivlik prinsiplərinə uyğun layihələndirilib. Dayanacaq ərazisində 2 turniket binası, o cümlədən 2 gözləmə zalı, 4 platforma və 1 piyada üst keçidi tikilib, abadlıq və yaşıllaşdırma işləri görülüb. Sərnişin axınının operativ idarə olunması məqsədilə Bakı istiqaməti üzrə zalda 11, Sumqayıt istiqaməti üzrə zalda 10 turniket, eləcə də hər zalda 1 ədəd olmaqla, fiziki imkanları məhdud şəxslər və uşaq arabası ilə olan valideynlər üçün xüsusi geniş keçidli turniket quraşdırılıb. Həmçinin layihə çərçivəsində Sumqayıt istiqamətində avtomobil və velosiped parkinqi sahələri yaradılıb.

.