Asiya İnkişaf Bankı (ADB) "Gələcəyin ağıllı və dayanıqlı şəhər nəqliyyatının yaradılması üçün "Bakı Metropoliteni" QSC-nin dekarbonizasiyası" layihəsinin həyata keçirilməsi üçün 700 min ABŞ dolları məbləğində texniki yardımı təsdiqləyib.

Bu barədə Yenizaman banka istinadən xəbər verir.

Vəsait Təmiz Enerjinin Maliyyələşdirilməsi üzrə Tərəfdaşlıq Mexanizmi (CEFPF) çərçivəsində Təmiz Enerji Fondu vasitəsilə təmin ediləcək.

Layihənin məqsədi enerji səmərəliliyinin artırılması və "təmiz enerji" texnologiyalarının tətbiqi vasitəsilə "Bakı Metropoliteni"nin modernləşdirilməsidir.

"Göstərilən texniki yardım çərçivəsində enerji istehlakını və istismar xərclərini azaltmaq, həmçinin günəş panelləri və enerji saxlanc sistemləri (BESS) də daxil olmaqla bərpa olunan enerji mənbələrinin inteqrasiyası üçün infrastrukturun yenilənməsi imkanlarının qiymətləndirilməsi planlaşdırılır", - ADB qeyd edir.

Bundan əlavə, enerji istehlakının idarə edilməsi üzrə intellektual sistemlərin tətbiq potensialı da öyrəniləcək. Bu da məhsuldarlığın optimallaşdırılmasına, proqnozlaşdırıcı texniki xidmətin tətbiqinə və böyük verilənlərin təhlilinə imkan verəcək.

ADB qeyd edir ki, bu təşəbbüs dayanıqlı şəhər nəqliyyatı sahəsində "Bakı Metropoliteni" ilə geniş əməkdaşlığın bir hissəsi olacaq.

Xatırladaq ki, Azərbaycan 1999-cu ildən ADB-nin üzvüdür və bu müddət ərzində bank ölkəyə 5 milyard ABŞ dollarından çox kredit ayırıb. Eyni zamanda, bank Azərbaycanın nəqliyyat sektorunda həyata keçirilən layihələrə 1,5 milyard ABŞ dollarından çox, enerji layihələrinə isə 1,7 milyard ABŞ dolları kredit resursları ayırıb.

ADB 1966-cı ildə təsis edilib. Onun baş qərargahı Filippinin paytaxtı Manilada yerləşir. Bankda 50-si Asiya-Sakit okean regionundan olmaqla 69 ölkə təmsil olunur.

.