"Neftçi"nin vitse-prezidenti Tahir Süleymanov açıqlamasında bildirib ki, "Xəzər Lənkəran"ın üzvü Ağabala Ramazanov layiq olduğu cəzanı almayıb: "Tərlan Quliyevin, Bruno Bertuççinin, Karlos Kardosonun aldığı cəzaya baxın, təxribatçı Ramazanovun cəzasına baxın. Həsənov hələ künc zərbəsi yerinə yetirilməmişdən öncə Ramazanovun Stamenkoviçi vurduğunu gördüyü halda, şifahi xəbərdarlıqla kifayətlənirsə, sonradan baş verənlərə şərait yaratmış sayılır. Digər tərəfdən, Ağabalaya 3, Bertuççiyə 4 oyunluq cəza verilməsini necə başa düşək? Axı hər şeyin bu həddə çatmasının səbəbkarı məhz Ramazanov idi".
Süleymanovun açıqlamasına "Xəzər Lənkəran"ın münasibətini öyrəndik. Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu Fanat.az-a açıqlamasında bunları dedi: "Duman olduğundan həmin anda meydanda nəyin baş verdiyini tam görə bilmədim. Amma olay yerində çəkilmiş fotolardan açıq-aşkar görünür ki, "Neftçi"nin 5-6 futbolçusu Ağabalanı vurur. Futbolçu özü də heç nə etmədiyini, sadəcə Saşa Stamenkoviçin önündə qolu bayram etdiyini bildirdi. Mahir Şükürov kimi azarkeşləri təhqir etməyib ki, daha böyük cəza alsın".
Bəs azarkeşlərə orta barmaq işarəsi göstərən Mahir Şükürov layiq olduğu cəzanı alıbmı? Hüseyn bəyin bu suala cavabı belə olub: "İntizam Komitəsi öz qərarını verib. Lap 5, hətta 10 oyun cəza versələr də, bu məsələ bitmir. Başqa klubun işinə qarışmaq istəmirəm. Amma araşdırmaq lazımdı ki, Mahir niyə Qəbələdə də, Lənkəranda da söyülür? Niyə "Neftçi"nin başqa futbolçuları yox, məhz Şükürov hədəfə çevirilir? Səbəbini öyrənmək və qarşısını almaq lazımdı".
.