"Sundsvall”da müəyyən dövrə qədər hər şey məni qane edirdi. Ancaq sonradan vəziyyət dəyişdi. Rəhbərliklə münasibətlərim korlandı. Sonradan öyrəndim ki, haqqımda bəzi əsassız şayiələr yayıblar. Güya mən bir başqa klubun məşqçiləri və futbolçuları ilə dalaşmışam. Bütün bunlar məni komandadan ayrılmağa məcbur etdi. Belə bir məqamda "Rəvan” variantı ortaya çıxanda sevindim. Onsuz da karyeramı vətəndən kənarda davam etdirmək istəyirdim. Rəhbərliklə söhbətləşəndən sonra qərarımı qətiyyətləşdirdim". Fanat.az xəbər verir ki, "Rəvan"ın oyunçusu Fredrik Holster deyib.
İsveç mətbuatına danışan futbolçu Azərbaycan və İsveç arasındakı fərqlərdən də danışıb: "Fərqlər çoxdu. Demək olar, bütün yaşam sahələrində fərq var. Ən əsası mədəniyyət fərqini qeyd etməliyəm. Sanki yeni dünyaya düşmüşəm. Amma əyləncəlidi. Azərbaycanda asanlıqla ingiliscə kiminləsə danışa bilərsən. Amma rus dili daha populyardı. Azərbaycanda çay çox içilir. Mən də yavaş-yavaş buna alışıram. Bakıda pul qazanmaq asandı. Bunu bacarmırsansa, tənbəlsən, günahkar özünsən".
Müsahibənin sonunda isə Fredrik "Rəvan”ın Topaz Premyer Liqasındakı çıxışı barədə də söhbət açıb: "Düzdü, nəticələr ürəkaçan deyil. Amma heyətdə potensiallı uşaqlar, səviyyəli futbolçular çoxdu. Ümid edirəm ki, işlərimiz qaydasına düşəcək. Azərbaycanda İsveçlə müqayisədə fərqli futbol oynanılır. Bizdə kollektiv oyun hər şeydən üstündüsə, Azərbaycanda fərdi keyfiyyətlərlə də seçilmək olar. Oynanılan futbol texniki cəhətdən mənə uyğundu. Ona görə də özümü göstərəcəyimə ümidliyəm. Mövsüm bitəndən sonra da bəlkə elə Azərbaycanda qalıb oynadım".
