III Şuşa Qlobal Media Forumu çərçivəsində “İnnovativ Yanaşmalar: Rəqəmsal Erada Media Savadlılığı” paneli keçirilib.

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev paneldə çıxışında media savadlılığı daha da artırılmalı olduğunu bildirib.

Hikmət Hacıyev qeyd edib ki, media savadlılığının, o cümlədən sosial media savadlılığının artırılması xüsusilə uşaqlar və məktəblilər arasında çox vacibdir”.

Avropa Xəbər Agentlikləri Alyansının baş katibi Alexandru Giboi qeyd edib ki, əvvəllər yalnız qəzet və televiziya var idi, lakin indi informasiya mühiti xeyli genişlənib: “Sosial mediada müxtəlif məlumatlar yayılır və biz başa düşməliyik ki, bu məlumatları necə qəbul etməli və onlardan necə istifadə etməliyik. Media savadlılığı dezinformasiya ə düzgün məlumatların seçilməsini özündə ehtiva edir”.

“Qazcontent” ASC İdarə Heyətinin sədri Aina Zadabek nəzərə çatdırıb ki, Qazaxıstanda süni intellektlə bağlı yeni bir mərkəz açılır. Məqsəd 1 milyondan çox insanı süni intellekt barədə məlumatlandırmaqdır: “Əgər süni intellektdən məharətlə istifadə edə bilsək, bu, çox gözəl nəticələr verəcək. Xüsusilə jurnalistlər üçün süni intellektdən düzgün istifadə media savadlılığını artırmaq baxımından mühüm rol oynayacaq: Süni intellektlə işləməyi bacaran jurnalistlər informasiyanı daha dəqiq və effektiv şəkildə təqdim edə biləcəklər”.

“AnewZ”un müxbiri Oubai Şahbandar Suriya, Əfqanıstan, Ukrayna və digər müharibə zəminlərində mütəmadi olaraq vəziyyətin dəyişdiyini qeyd edib: “Məlumatların şərhi də dəyişir. Biz daha diqqətli olmalıyıq”.

“Euronews Baku” nun baş içracı redaktoru Fernando Soares bu gün dünyada siyasi qütbləşmə prosesinin müşahidə olunduğunu söyləyib: “Biz də bu məsələlərlə bağlı öz fikirlərimizi formalaşdırırıq. Bu qütbləşmənin qarşısını almaq üçün konkret addımlar atılmalıdır”.

Panel müzakirələrlə davam edib.

***

“Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda 3-cü Şuşa Qlobal Media Forumunun ikinci günü başlayır.

İyulun 21-dək davam edəcək Forumda 52 ölkədən 140-a yaxın xarici qonağın, o cümlədən 30-dan çox informasiya agentliyi, 7 beynəlxalq təşkilat və 80-ə yaxın media qurumu, həmçinin sahə üzrə əlaqəli digər təşkilatlardan nümayəndələrin iştirak edir. Forumun iştirakçıları arasında əcnəbi media təmsilçiləri ilə yanaşı, Azərbaycanın media nümayəndələri, ekspertlər və rəsmilər də var.

Forum çərçivəsində iştirakçıların Ağdam rayonuna və Laçın şəhərinə səfərləri də nəzərdə tutulur.

Xatırladaq ki, forumun birinci günü Azərbaycan Prezidenti İlham Əliyevin tədbir iştirakçıları ilə görüşü olub. Dövlət başçısı yerli və xarici media nümayəndələrinin suallarını cavablandırıb.

.