Orta Tunc dövrünə aid kurqanların olduğu Daşkəsən rayonu, Xoşbulaq yaylağı zibilliyə çevrilir. Tullantılar əsasən Xoşbulaqdakı 1 nömrəli kurqanın yanından keçən Qoşqarçayın sahilinə atılıb.
Bu barədə "Bizim Yol"a məlumat verən Gəncə şəhər sakini Eldəniz Məmmədov bildirir ki, son aylarda Qoşqarçayına zibil atmaq adət halını alıb. Çay sahilində zibillik sahəsi günü-gündən artır.
İsti aylarda istirahət etmək üçün əraziyə gələn vətəndaşlar bu mənzərədən çox narahatdırlar. Xoşbulaq yaylağına əsasən Daşkəsənə qonşu rayonlardan, xüsusən Gəncə şəhərindən, hətta Ağdam, Ağcabədidən vətəndaşlar istirahətə gəlirlər.
"Şəkillərdə gördüyünüz yer hər hansı zibilxana deyil, bura Azərbaycanın turizm yerlərindən olan Xoşbulaq yaylasıdır. Burada tarixi abidələr var və istirahət mərkəzləri fəaliyyət göstərir. Amma zibillikdən və üfunət qoxusundan yaylağa gəlmək mümkün deyil. Problem bununla da bitmir. Qoşqarçaya atılan tullantılar təhlükə mənbəyinə çevrilib. Çaya atılan zibillər Kür çayına axıdılır. Qoşqarçaydan istifadə edən Daşkəsən əhalisi, onların heyvanları və çayda olan canlıları üçün də təhlükə mənbəyinə çevrilib. Sahili zibilxanaya çevrilməmişdən öncə çayda adı qırmızı kitaba düşmüş farel balığına rast gəlinirdi. İndi o da yoxdu. Eləcə də, çay sahilində yaranmış arzuolunmaz vəziyyət yaylaqda otarılan mal-qara üçün çətinliklər yaradıb".
E.Məmmədov ümid edir ki, problemi aradan qaldırmaq üçün bələdiyyə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rayon şöbəsi, həmçinin Gigiyena və Epidemiologiya Mərkəzinin işçiləri hərəkətə keçəcəklər.
Vətəndaş tövsiyə edir ki, çayın kənarlarına xəbərdarlıq nişanları qoyulsun, zibil atılmasın: "Günü-gündən çaya atılan tullantıların həcmi artır. Artıq vəziyyət dözülməz həddə çatıb. Hara baxırsan zibildir. Əraziyə zibillərin adətən gecə vaxtı atıldığı bildirilir. Tullantılar arasında əsgərlərin geyimi və hərbçilər üçün nəzərdə tutulan konserva məhsullarının qabları üstünlük təşkil edir".
Qeyd edək ki, Qoşqarçay öz mənbəyini Kiçik Qafqazın Murovdağ silsiləsinin Qoşqar dağının şimal yamacından (1605 m) götürür. Çayın on ədəd (Hamaçay, Xoşbulaq, Sarısu və s.) qolu vardır.
Xatırladaq ki, Xoşbulaq kurqanları dünya əhəmiyyətli arxeoloji abidədir. Orta Tunc dövrünə aid Xoşbulaq kurqanları dairəvi formalı olub, hündürlüyü 0,75, diametri şimal-cənub istiqamətində 11,5, şərq-qərb istiqamətində isə 10 metr olub. Kurqanın əsas qəbiri İlk Tunc dövrünə aid edilib. Buradan yarımşar formalı qulpu olan küpə, sümükdən hazırlanmış muncuqlar tapılıb. Kurqanın torpaq örtüyündə, 1,45 və 1,7 metr dərinlikdə aşkar olunan iki qəbir Orta Tunc dövrünə aiddir.
1959-cu ildə isə Xoşbulaq yaylağında "Hamamdüzü" adlanan yerdə üç kurqan tədqiq edilib ki, onların da ikisi Orta Tunc dövrünə aiddir. Həmin kurqanlardan birincisi dairəvi olub, diametri 8,6, hündürlüyü 0,6 m-dir. Qəbir kamerası kurqanın cənub tərəfində aşkar edilib. Qəbirin üzərini örtən daş kurqan götürülərkən, obsidian parçalarına və kömür qalıqlarına rast gəlinib.
Bu kurqanın materialları Üzərliktəpənin ikinci qrup keramikası ilə bənzərdir. Aşkar olunmuş materiallara əsasən, kurqan e.ə. II minilliyin ortalarına aid edilib.
Xoşbulaqda tədqiq olunan Orta Tunc dövrünə aid digər kurqan 1962-ci ildə açılıb. Həmin kurqan əvvəlkinin yaxınlığında yerləşir. Kurqanın hündürlüyü 1,8, diametri 15 m olub. Onun örtüyü çay daşlarından qurulub.
