Türkiyənin Kayseri şəhərində “Şuşa” Azərbaycan evinin açılışı olub.

Açılış mərasimində Azərbaycan tərəfindən Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Diaspora Komitəsinin sədri Fuad Muradov iştirak ediblər.

Qeyd edək, Azərbaycan evinin yerləşdiyi “Azərbaycan Dostluq Parkı” 2022-ci ildə Kayseri sakinlərinin ziyarəti üçün açılıb. “Şuşa” Azərbaycan mədəniyyət evi ilə yanaşı parkda İsa Bulağına bənzər abidə və Xocalı Soyqırımı Abidəsi də inşa edilib.

Tədbir iştirakçıları açılış mərasimində çıxışları zamanı Türkiyə ərazisində Azərbaycan evlərinin olmasının iki qardaş xalq arasında münasibətlərin dərinləşməsində xüsusi rol oynadığını vurğulayıb.

Aydın Kərimov: “Azərbaycan Şuşa şəhəri ilə Türkiyə şəhərləri arasında əməkdaşlıq əlaqələrinin qurulmasına böyük önəm verir”

Azərbaycan və Türkiyə arasında dünyada bənzəri olmayan qardaşlıq münasibətləri iki dövlət arasında bütün sahələrdə davam edən sıx əməkdaşlığın əsasını təşkil edir.

Bu barədə Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Türkiyənin Kayseri şəhərində “Şuşa” Azərbaycan evinin açılış mərasimində çıxışı zamanı bildirib.

O qeyd edib ki, Azərbaycan tərəfi 44 günlük vətən müharibəsində qazanılmış zəfərdən sonra işğaldan azad edilmiş Şuşa şəhəri ilə Türkiyə şəhərləri arasında əməkdaşlıq əlaqələrinin qurulmasına böyük önəm verib: “Son üç ildə Şuşa şəhəri ilə dünyanın müxtəlif ölkələrinin 9 şəhərləri arasında qardaşlaşma və əməkdaşlıq əlaqələri qurulub. Təsadüfi deyil ki, bu şəhərlərdən ikisi məhz Türkiyənin Ərzurum və Kayseri şəhərləridir”.

A. Kərimov iki ölkə arasında müttəfiqliyə dair bəyannamənin də məhz Şuşa şəhərində imzalanmasının xüsusi məna daşıdığına da vurğulayıb.

.