ABŞ Prezidenti Donald Trampla NATO-nun Baş katibi Mark Rutte Rusiya və Ukraynanın müharibəni qəsdən və ya bilmədən genişləndirə biləcək hərəkətlərdən çəkinməsinin vacibliyini vurğulayıblar.

Bu barədə Donald Tramp “Truth Social”da paylaşdığı birgə bəyanatda bildirib.

Bəyanata görə, Tramp və Mark Rutte ABŞ Prezidentinin Floridadakı Mar-a-Laqo iqamətgahında görüşüblər.

Görüşdə əsas müzakirə mövzuları Rusiya-Ukrayna müharibəsi və İrandakı münaqişə olub. Həmçinin, Haaqa və Ankarada keçirilən NATO sammitlərində ABŞ və Alyansın əldə etdiyi nəticələr müzakirə edilib.

“Biz, həmçinin, Rusiya və Ukraynanı müharibəni qəsdən və ya bilmədən genişləndirə biləcək hər hansı addımdan çəkinməsinin vacibliyini və müharibənin mümkün qədər tez sülh yolu ilə həll edilməsinin əhəmiyyətini müzakirə etdik”, – birgə bəyanatda bildirilib.

Tərəflər müdafiə xərclərinin artırılması və həm ABŞ-da, həm də NATO ölkələrində müdafiə sənayesi bazasına investisiyaların yatırılmasının vacibliyini də müzakirə ediblər.

Tramp ABŞ-ın müdafiə sənayesi şirkətlərinin tikintisi davam edən 20-dən çox yeni istehsal müəssisəsində əldə etdiyi irəliləyişlər barədə NATO-ya məlumat verdiyini bildirib.

Onun sözlərinə görə, həmin müəssisələrdə “Patriot” hava hücumundan müdafiə sistemləri, THAAD kompleksləri, “Tomahawk” raketləri, eləcə də ictimaiyyətə və digər ölkələrə hələ nümayiş etdirilməmiş hücum və müdafiə silahlarının istehsalına diqqət yetirilir.

Tramp ABŞ-ın hazırda tarixində heç vaxt olmadığı qədər çox hərbi texnika və sursat istehsal etdiyini vurğulayıb. O bildirib ki, istehsal ehtiyatları yaxın vaxtlarda tam dolacaq və bundan dünyanın müxtəlif yerlərindəki müttəfiqlər və tərəfdaşlar da faydalanacaqlar.

Qeyd edək ki, görüş noyabrın 25-də keçirilib, birgə bəyanat isə NATO-nun rəsmi saytında noyabrın 26-da yayımlanıb.

.