Şuşa şəhərinin ərazisində minatəmizləmə fəaliyyəti aparılarkən abidə aşkar edildikdə aparılan iş dərhal dayandırılmalı, bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilməlidir.

Bu barədə "Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında" qanuna təklif edilən dəyişiklikdə qeyd edilib.

Qanun layihəsi parlamentin Aqrar siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, bu halda işlərin davam etdirilməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul ediləcək.

Sənəddə, həmçinin qeyd edilib ki, tarixi və arxeoloji əhəmiyyət kəsb edən ərazilərdə minatəmizləmə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) nümayəndəsinin iştirakı ilə aparılacaq.

Qanun layihəsi Azərbaycanda minatəmizləmə fəaliyyətinin istiqamətləri, hüquqi və təşkilati əsasları, minatəmizləmə işlərini həyata keçirən şəxslərin hüquqi və sosial müdafiəsi, minalardan zərərçəkmiş şəxslərə yardımın göstərilməsi üzrə münasibətləri tənzimləmək üçün hazırlanıb.

Dəyişikliklər "Minatəmizləmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli Qanununa uyğunlaşdırma xarakterlidir.

.