İran təhdidlərə cavab vermək imkanlarını əməli şəkildə nümayiş etdirəcək və qeyri-simmetrik müharibədə düşməni gözləmədiyi nöqtələrdən vura bilər.
APA-nın Tehran bürosunun İSNA-ya istinadən verdiyi məlumata görə, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü general Hüseyn Mohəbi keçirdiyi mətbuat konfransında bildirib.
Hörmüz boğazında ötən gecə baş verənlərlə bağlı suala cavabında o deyib ki, atışmalar olub və partlayışların əksəriyyəti hava hücumundan müdafiə sistemlərinin atəş açması ilə bağlı olub. Onun sözlərinə görə, bu atışmalar nəticəsində başqa hadisə baş verməyib. Mohəbi ABŞ-a məxsus bir hava vasitəsinin də həmin atışmalar zamanı vurulduğunu bildirib.
İranın Ali Rəhbərinin ölkəyə hərbi hücumla bağlı düşmənə yanlış hesablamaları təkrarlamamaq barədə xəbərdarlığına dair suala cavabında SEPAH sözçüsü düşməni zərərsizləşdirmək üçün çoxsaylı vasitələrə malik olduqlarını deyib.
O bildirib ki, qeyri-simmetrik müharibə aparırlar və düşməni gözləmədiyi nöqtələrdən vuraraq onu hərəkətsiz vəziyyətə sala bilərlər. Mohəbi bu imkanların mövcudluğuna əmin olduğunu vurğulayıb.
İranın Ali Rəhbərinin istənilən səviyyədə və formada təhdidə, coğrafi məhdudiyyət olmadan, dərhal və təsirli cavab verilməsi zərurəti ilə bağlı son açıqlamalarını nəzərə alaraq, ölkənin raketlərinin uçuş məsafəsinə qoyulan məhdudiyyətin aradan qaldırılıb-qaldırılmadığı barədə suala cavabında Mohəbi bunu təsdiqləyib.
O əlavə edib ki, bu imkanları əməli şəkildə nümayiş etdirmək lazımdır və bundan əvvəl yalnız bəyanatlar vermək düzgün deyil. “Bizim vəzifəmiz imkanlarımızı əməli sahədə nümayiş etdirməkdir”, – deyə SEPAH sözçüsü bildirib.
.
