O illəri yaxşı xatırlayıram ki, ən yüksək tribunadan Sovet İttifaqının birinci və sonuncu prezidenti Mixail Qorbaçova müraciət edərək ona sadə, amma dəhşətli bir həqiqəti çatdırmağa çalışırdım: Qarabağda qan tökülür, müharibə başlayır, insanlar həlak olur və bu faciənin hələ qarşısını almaq mümkündür. Baş verənlərə göz yummağın mümkün olmadığını, bu gün göstərilən laqeydliyin sabah fəlakətlə nəticələnəcəyini deyirdim. Amma Qorbaçov yaxınlaşan bəlanı dayandırmaq iqtidarında olmadı. O, baş verənləri görürdü, xəbərdarlıqları eşidirdi, lakin böyük faciənin qarşısını almaq üçün nə lazımi siyasi iradə, nə də qətiyyət nümayiş etdirdi.
Nəticədə Birinci Qarabağ müharibəsi başladı. Azərbaycan torpaqlarının işğalı, yüz minlərlə soydaşımızın doğma yurdundan qovulması, dağıdılmış şəhərlər və kəndlər, müharibənin xətt çəkdiyi insan taleləri. O zaman itirilmiş torpaqlar arasında mənim doğma Şuşam da var idi. Bu, Azərbaycan mədəniyyətinin böyük nümayəndələrinin yetişdiyi, şairlər, musiqiçilər, sənətkarlar şəhəri, özünəməxsus tarixə və xüsusi ruha malik bir yer idi. Orada mənim ata evim var idi. Orada həyatımın, uşaqlığımın, yaddaşımın bir hissəsi qaldı.
1992-ci il mayın 8-i həyatımın ən faciəli günlərindən biri oldu. Əminəm ki, milyonlarla azərbaycanlı üçün də eyni gün belə oldu. O gün biz təkcə Şuşanı itirmədik. Elə bil bizdən bütöv bir dünya alındı – valideynlərimizin yaşadığı, doğmalarımızın səsinin eşidildiyi, hər küçənin, hər daşın, hər həyətin xatirələr yaşatdığı bir dünya. Bəli, mən heç vaxt geri dönmək arzusundan əl çəkmədim. Düşünürəm ki, belə bir arzu hər bir şuşalının, Şuşa özü üçün müqəddəs olan hər bir azərbaycanlının ürəyində yaşayırdı.
Amma mən bir günlüyə, ürək ağrısı ilə müvəqqəti işğal altındakı doğma küçələrdən keçib ata evinin xarabalıqlarını görüb yenidən getmək üçün qayıtmaq istəmirdim. Mən başqa bir Şuşanın arzusunda idim – azad, Azərbaycan Şuşasının, doğma ailəsinə əbədi qaytarılmış Şuşanın. Mən bir gün öz evimin qapısını açıb bilmək istəyirdim ki, artıq heç kim, heç vaxt bizi buradan qova bilməyəcək. Və bu arzu gerçəyə çevrildi.
Bunun arxasında şəhidlərimizin cəsarəti, qəhrəmanlığı və fədakarlığı dayanır. Minlərlə oğlumuz ən qiymətlisini – öz canını verdi ki, gələcək nəsillər öz torpağında yaşaya bilsin, biz doğma şəhər və kəndlərimizə qayıda bilək. Allah rəhmət eləsin! Biz onların bu qəhrəmanlığının əvəzini heç vaxt tam ödəyə bilməyəcəyik. Onların valideynləri, həyat yoldaşları, övladları qarşısında, 44 günlük müharibədə iştirak edən və gün-gündən, addım-addım torpağımızın hər qarışını azad edən bütün Azərbaycan hərbçiləri qarşısında ödənilməz borcumuz var. Onların adları Azərbaycan tarixində, qəhrəmanlıqları isə milli yaddaşımızda əbədi qalacaq.
Amma Qələbədən danışarkən tarixi xidməti tamamilə özünəməxsus olan bir Şəxsiyyəti xatırlamamaq mümkün deyil. Bu, Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevdir. Mən xoşbəxtəm və fəxr edirəm ki, bu Qələbənin necə qazanıldığının, dövlət başçımızın hansı sınaqlardan və maneələrdən keçdiyinin, 2020-ci ilin o 44 günündə nə qədər prinsiplilik, dözüm, şəxsi cəsarət və siyasi uzaqgörənlik nümayiş etdirdiyinin şahidi oldum. Hər qərarın arxasında nəhəng bir məsuliyyət, hər sözün arxasında ölkənin taleyi, hər addımın arxasında isə artıq geri çəkilməyin mümkün olmadığını dərk etmək dayanırdı.
Mən gördüm ki, bu mübarizəni təkcə döyüş meydanında deyil, diplomatik cəbhədə də aparmaq, təzyiqlərə sinə gərmək, Azərbaycanı yarı yolda saxlamağa cəhd göstərənlərə qarşı durmaq, tarixi ədalətin nəhayət bərqərar olmasına nail olmaq nə qədər çətin idi. Buna görə də mənim üçün 2020-ci il noyabrın 8-i həyəcansız xatırlana bilməyən bir gündür. İlham Əliyevin sözləri: "Doğma Şuşa, sən azadsan! Doğma Şuşa, biz qayıtdıq!" – sadəcə hərbi qələbə xəbəri deyildi. Bu sözlərdə onilliklər boyu çəkilmiş ağrı, gözləmə, ümid və inam cəmləşmişdi. Bu, milyonlarla insanın gözlədiyi sözlər idi. Onlar bu gün də gözləri yaşardır, əminəm ki, onilliklər keçsə də, övladlarımızda, nəvələrimizdə, nəticələrimizdə eyni hissləri doğuracaq.
Mənə inanılmaz dərəcədə bəxt gülüb: həyatımın arzusunun və milyonlarla azərbaycanlının arzusunun gerçəyə çevrildiyi o böyük günə qədər yaşadım. Mən Şuşaya qonaq kimi, işğal altındakı şəhərə qısa müddətə baş çəkməsinə icazə verilmiş bir insan kimi deyil, öz torpağına qayıdan sahibkar kimi qayıda bildim. Bu gün isə mən xüsusi qürurla övladlarımı, nəvələrimi, dostlarımı, yaxınlarımı ata evinə gətirirəm. Bu, bəlkə də, həyatımdakı ən əziz hisslərdən biridir. Çünki indi onlar təkcə illərlə danışdığım şəhəri deyil, mənim öz tariximin başladığı yeri də görə bilirlər.
Bu gün məni doldurub-daşıran daha bir hiss var – Şuşanın və bütün azad olunmuş Qarabağın necə sürətlə dirçəldiyini görməkdən duyduğum heyranlıq. Orada yenidən musiqi səslənir, uşaq gülüşü eşidilir, yenidən Azərbaycan dili eşidilir. Tarixi binalar bərpa olunur, məscidlər tikilir və bərpa edilir, mədəniyyət abidələri yenidən həyata qayıdır, məktəblər, tibb müəssisələri açılır, iş və tamhüquqlu həyat üçün şərait yaradılır. Bizim nəslimizin gözü qarşısında elə bir hadisə baş verir ki, bu, hələ bir müddət öncə az qala mümkünsüz görünürdü: onilliklərlə xarabalıqda qalan şəhər və kəndlər yenidən insanların evinə çevrilir.
Mən çox səyahət etmişəm, onlarla ölkənin səhnələrində çıxış etmişəm, müxtəlif şəhər və ölkələri, onların memarlığını, mədəniyyət abidələrini, təbiət gözəlliklərini görmüşəm. Buna görə də Qarabağın gələcəyindən danışarkən boş iltifatlara meyilli deyiləm. Mən həqiqətən inanıram ki, 20-30 ildən sonra azad olunmuş Qarabağ təkcə regionumuzun deyil, bütün planetin ən gözəl yerlərindən birinə çevriləcək. Onun bunun üçün hər şeyi var – unikal təbiət, zəngin tarix, təkrarsız mədəni irs və ən başlıcası, bu torpağı sevən və ona qayıdan insanlar.
Taleyə minnətdaram ki, yetkinlik illərimi doğma torpaqda, həmişə öz evim saydığım şəhərdə keçirə bilirəm. Şəhidlərimizə və qəhrəmanlarımıza, Qələbəni yaxınlaşdıran hər kəsə, milyonların arzusunu gerçəyə çevirən Azərbaycan Prezidenti İlham Əliyevə minnətdaram. Bu gün Şuşaya baxarkən artıq 1992-ci ildə bizdən alınanları deyil, geri qaytara bildiklərimizi və bunun sabah necə gözəl olacağını düşünürəm. Çünki, şübhəsiz ki, hər bir insanın bütöv bir ömrü həsr etməyə hazır olduğu bir arzusu olur. Mənim arzum həmişə azad Şuşa olub. Mən bu arzunun gerçəyə çevrildiyi günü gözlədim. Bu gün isə əminliklə deyə bilərəm ki, biz sadəcə qayıtmadıq. Biz bir daha doğma Şuşadan, doğma Qarabağdan heç vaxt getməyəcəyik!
Polad Bülbüloğlu
.
