“Mən ilk dəfə 1999-cu ildə həyat yoldaşım Kerri ilə birlikdə Azərbaycana gəlmişdim. O zaman Azərbaycan bu vacib rolu öz üzərimə götürmək üçün bu il geri qayıdarkən gördüyüm ölkədən çox fərqli idi”.
Bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Dankan Norman bu gün mətbuat konfransında bildirib.
“2025-ci ilin əvvəllərində mən Azərbaycan dilini öyrənərkən Gəncədə bir ailədə qalırdım. Məni evlərinə və həyatlarına qəbul edən bu ailənin səbri və səxavəti, mənə bu ölkə haqqında hər hansı bir sinif otağında öyrənə biləcəyim qədər çox şey öyrətdi.
Bu gün gördüyüm Azərbaycan ilk səfərimdə təsəvvür edilməsi belə çətin olan şəkildə dinamik, müasir və dünya ilə bağlantıları olan ölkədir. Lakin bir şey heç dəyişməyib: Azərbaycan xalqının istiqanlılığı və qonaqpərvərliyi.
Bu münasibətlər baxımından əlamətdar bir dönəmdə Azərbaycana gəlmişəm. Birləşmiş Krallıq Azərbaycanı mühüm regional tərəfdaş kimi qiymətləndirir və mən bu tərəfdaşlığın inkişafını təmin etməkdə qərarlıyam”, - diplomat qeyd edib.
Britaniyanın Azərbaycanla tərəfdaşlığı enerji sahəsindən çox kənara çıxıb
Birləşmiş Krallıq və Azərbaycan arasında otuz ildən çox əməkdaşlıq tarixi var.
Bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Dankan Norman bu gün mətbuat konfransında bildirib.
Səfirin sözlərinə görə, bu münasibətlər enerji sahəsində başlayıb: “BP-nin qabaqcıl investisiyası Azərbaycanın müasir iqtisadi tarixinin formalaşmasına töhfə verib və biz hələ də həmin sağlam təməlin üzərində inşa etməyə davam edirik.
Lakin tərəfdaşlığımız enerji sahəsindən çox kənara çıxıb. Bu gün tərəfdaşlıq müdafiə, təhlükəsizlik, ticarət, təhsil, innovasiya və hər iki tərəfdə də dərin köklər salan xalqlararası əlaqələri ehtiva edir. Azərbaycan dəyərli tərəfdaşdır - iki ölkəni bir-biri ilə əlaqələndirən sıx münasibətlər və günümüzün əsas çətinlikləri və imkanları barədə ortaq baxışlar mövcuddur.
Məhz buna görə də hökumətlərimiz bu münasibətləri Strateji Tərəfdaşlıq səviyyəsinə yüksəltmək barədə razılığa gəliblər. Bu addım ortaq prioritetlərimiz olan yeni iqtisadi artım imkanlarının yaradılması, təhlükəsizliyin gücləndirilməsi və innovasiyanın təşviqi sahələrində daha dərin əməkdaşlığı təmin edəcək. Birləşmiş Krallıq və Azərbaycan hər iki ölkənin xalqları üçün real faydaları təmin edən ortaq bir gələcək qururlar”.
Diplomat qeyd edib ki, iqtisadi artımın təmin edilməsi Böyük Britaniya hökumətinin prioritetlərindən biridir: “Azərbaycan vacib iqtisadi tərəfdaşımızdır. Biz ticarət, investisiya və regional bağlantılar sahəsində daha dərin əlaqələr quraraq iqtisadi əməkdaşlığın yeni mərhələsini dəstəkləyirik. Bu, gələcək nəsillər üçün sabit və çiçəklənən iqtisadi mühit yaradaraq, həm Britaniya, həm də Azərbaycan xalqına, eləcə də biznes müəssisələrinə fayda gətirəcək”.
Britaniya Azərbaycanı regionda nəqliyyat, infrastruktur, maliyyə və data mərkəzi kimi görür
“BP bazara daxil olandan bəri otuz ildir ki, enerji Azərbaycanla olan münasibətlərimizin əsasını təşkil edir - biz bu mirasla fəxr edirik. Birləşmiş Krallığın təmiz enerji sektoruna investisiya qoyması və Azərbaycanın bərpa olunan enerji potensialından istifadə etməsi üçün enerji keçidini dəstəkləmək məqsədilə sıx əməkdaşlıq edirik”.
APA xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Dankan Norman bu gün mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, enerjidən başqa, Britaniya şirkətləri bir sıra digər sahələrdə də fəaliyyət göstərir: “Biz Azərbaycanı bu regionda nəqliyyat, infrastruktur, maliyyə və məlumatlar – data üzrə təbii bir mərkəz kimi görürük”.
Dankan Norman deyib ki, təhsil münasibətlərin ən güclü sütunlarından biridir: “Bu il də Birləşmiş Krallıq Azərbaycanın dövlət proqramı çərçivəsində xaricdə təhsil alan gəncləri üçün ən çox üstünlük verilən ölkə olmağa davam etdi: tələbələrin 61%-i Britaniya universitetlərində təhsil almağı seçməklə dünya standartlarında təhsilimizdən faydalandı.
Birləşmiş Krallıq hökuməti tərəfindən maliyyələşdirilən “Chevening” Proqramı bu əlaqələri daha da gücləndirir və hazırda Proqrama müraciət etmək mümkündür. Biz müsbət dəyişiklikləri həyata keçirmək iddiası olan istedadlı Azərbaycan vətəndaşlarını müraciət etməyə təşviq edirik. Yeni təhsil və elm tərəfdaşlıqlarını inkişaf etdirməklə, süni intellekt və rəqəmsal transformasiyaya investisiya qoymaqla, eləcə də hər iki ölkədə gələcək üçün bacarıqlar və iş yerləri yaratmaqla bu əməkdaşlığı daha da inkişaf etdirməyi səbirsizliklə gözləyirik. Bərabərlik və inklüzivlik davamlı artım üçün həyati önəm kəsb edir, buna görə də hökumət və yerli tərəfdaşlarla birlikdə qadınların iqtisadi baxımdan səlahiyyətləndirilməsini dəstəkləməyə davam edirik”.
Britaniya Azərbaycanla müdafiə sahəsində əməkdaşlığı daha da dərinləşdirməyi hədəfləyir
“Azərbaycan müdafiə və təhlükəsizlik sahəsində də dəyərli tərəfdaşdır və bu əməkdaşlıq heç vaxt bu qədər güclü olmayıb”.
Bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Dankan Norman bu gün mətbuat konfransında bildirib.
“Azərbaycanın öz potensialını dəstəkləyərkən, Birləşmiş Krallığın müdafiə sahəsində təcrübəsindən yararlanacaq təlim, daha sıx müdafiə əlaqələri və əməkdaşlıq imkanları vasitəsilə müdafiə sahəsində əməkdaşlığı daha da dərinləşdirməyi hədəfləyirik. Birləşmiş Krallıq Azərbaycanda minaların təmizlənməsi fəaliyyətinə dəstək verən ilk beynəlxalq tərəfdaşlardan biri olmaqdan qürur duyur və keçmiş məcburi köçkünlərin təhlükəsiz şəkildə geri qayıtmasını təmin etmək üçün bu dəstəyi davam etdirməyi səbirsizliklə gözləyirik.
Biz narkotik qaçaqmalçılığı, qanunsuz miqrasiya və kibercinayətkarlıq da daxil olmaqla ciddi mütəşəkkil cinayətkarlıqla mübarizə aparmaq üçün Azərbaycan hüquq-mühafizə orqanları ilə birgə çalışırıq. Birləşmiş Krallıq öz təcrübəsini bölüşməkdən qürur duyur, eyni zamanda Azərbaycan hüquq-mühafizə orqanlarının geniş təcrübəsindən və imkanlarından yararlanaraq hər iki ölkənin daha sıx əməkdaşlıqdan faydalanmasını təmin edir”, - səfir vurğulayıb.
Diplomat qeyd edib ki, Azərbaycan bu geniş regionda sabitliyin təşviqində mühüm rol oynayır və bu, Birləşmiş Krallıqda təhlükəsizliyin təməlinin qoyulması baxımından çox vacibdir.
Azərbaycan və Ermənistan dayanıqlı sülhə doğru addımlar atır, bunu alqışlayırıq
Azərbaycanın özü üçün də real fürsət anı yaranıb. Azərbaycan və Ermənistan hər iki tərəf arasında dialoq və davamlı qarşılıqlı əlaqəyə əsaslanan dayanıqlı sülhə doğru addımlar atırlar.
Bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Dankan Norman bu gün mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu vəziyyət daha geniş regionda yeni ticarət, investisiya və bağlantı imkanlarını yaratmaq potensialına malikdir:
“Cəmi iki həftə əvvəl Vaşinqton Zirvə Görüşünün birinci ildönümünü qeyd etdik. Sülhə doğru bu tarixi addımın atılmasında göstərilən siyasi liderliyi yüksək qiymətləndiririk. Ötən il olduqca önəmli və nəzərəçarpan irəliləyiş müşahidə olunub. Sərhədlərin delimitasiyası işləri, Azərbaycanın Ermənistana enerji təchizatı və sərhədlərarası “Sülh Körpüsü” təşəbbüsü də daxil olmaqla, bu praktik addımları alqışlayırıq. Nəqliyyat, enerji və kommunikasiya əlaqələrinin yenidən açılması Azərbaycan və Ermənistan arasında sülhün bütün regiona daha çox rifah və təhlükəsizlik gətirməsini təmin etməyə yardımçı ola bilər”.
Dankan Norman qeyd edib ki, Birləşmiş Krallıq davamlı infrastruktur və daha əhatəli Orta Dəhliz üçün Britaniya təcrübəsi, investisiya və maliyyələşdirməsi də daxil olmaqla, layihənin praktik baxımdan tətbiqini dəstəkləməyə hazırdır: “Birləşmiş Krallıq və Azərbaycan arasında yaxın dostluq münasibətləri mövcuddur. Biz bir çox məsələlərdə birlikdə işləyirik və bir çox mövzuda eyni fikirləri bölüşürük.
Bu dostluq münasibətlərini daha da möhkəmləndirməyi səbirsizliklə gözləyirəm”.
Azərbaycan Ukraynanın və Avropanın enerji dayanıqlılığının dəstəklənməsində əvəzsiz rol oynayır
Biz Ukraynanın ərazi bütövlüyü ilə bağlı Azərbaycanla eyni fikri bölüşürük.
APA xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Dankan Norman bu gün mətbuat konfransında bildirib.
Diplomat deyib ki, Birləşmiş Krallıq lazım olduğu qədər Ukraynanın yanında olacaq: “Ümid edirəm ki, burada olduğum müddətdə Rusiyanın Ukraynaya qarşı tammiqyaslı qanunsuz və barbar işğalına, həm Ukrayna, həm də Rusiya xalqlarının böyük əzablarına son qoyulacaq".
Səfirin sözlərinə görə, Birləşmiş Krallıq Rusiyaya qarşı sanksiyalar vasitəsilə təzyiqi davam etdirir və bu sanksiyalar Rusiya iqtisadiyyatına təxminən 450 milyard funt sterlinq məbləğində zərər vurub: “Bu rəqəm Putinin qanunsuz müharibəsi üçün ayrılmış iki illik büdcəyə bərabərdir. Ukraynaya olan öhdəliyimiz uzunmüddətlidir: 100 illik tərəfdaşlıq”.
Dankan Norman Azərbaycanın Ukraynaya siyasi və humanitar dəstəyini səmimi qəlbdən alqışladığını vurğulayıb: “Azərbaycan Ukraynanın və Avropanın enerji dayanıqlılığının dəstəklənməsində əvəzsiz rol oynayır. Bundan əlavə, Prezident Zelenski aprel ayında tarixi bir səfər də etmişdi”.
.
