Rumıniya Prezidenti Nikuşor Dan ölkəsinin Moldova ilə birləşməsini şəxsən dəstəklədiyini bəyan edib.

O, bunu Almaniyanın “Frankfurter Allgemeine Zeitung” nəşrinə müsahibəsində deyib.

"Mən şəxsən Moldova ilə birləşməyi arzulayıram, lakin qonşu respublikanın vətəndaşlarının iradəsinə hörmətlə yanaşıram", - o qeyd edib.

Prezidentin sözlərinə görə, hazırda Moldova vətəndaşlarının təxminən 35 %-i iki ölkənin birləşməsi ideyasını dəstəkləyir.

"Qonşu ölkə əhalisinin böyük hissəsinin mövcud idarəetmə formasını dəstəklədiyi müddətdə Rumıniya heç bir addım atmayacaq. Moldovanın bir milyona yaxın vətəndaşı həm də Rumıniya vətəndaşlığına malikdir. Biz onları müxtəlif səviyyələrdə dəstəkləyəcəyik", - N.Dan bildirib.

Qeyd edək ki, Rumıniya lideri Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin dəvəti ilə bu ölkədə rəsmi səfərdədir.

.