"Namaz möminin Allaha
təqdim etdiyi bir qurbandır.”
Hz. Peyğəmbər (s)
Dünya müsəlmanları
arasında geniş şəkildə qeyd olunan, iki böyük bayramdan biri də, Qurban
bayramıdır. Əsrlərdir ki, müsəlmanlar bu ibadəti müqəddəs bilib icra etmişlər. Müsəlman
aləminin bir parçası sayılan doğma Vətənimiz müstəqillik əldə etdikdən sonra yenidən
milli-mənəvi dəyərlərimizə qayıdış bu bayramın dövlət səviyyəsində keçirilməsinə
səbəb oldu. Artıq 24 ildir ki, milli-mənəvi dəyərlərmizə sevgimizi və sadiqliymizi
açıq ifadə edə bilirik. Bu il Azərbaycan Respublikası ərazisində Milli Elmlər
Akademiyasının və Qafqaz Müsəlmanları İdarəsinin məlumatına uyğun olaraq Nazirlər
Kabineti 12-13 sentyabr tarixlərini Qurban bayramı ilə əlaqədar qeyri iş günü kimi
hesablamışdır.
Zilhiccə
ayının ilk günlərindən etibarən islam ümməti arasında qeyd olunan bu bayram əsasən
həcc əməllərinin yerinə yetirilməsi kimi ifadə olunur. Həcc ziyarəti hər bir
müsəlmana müəyyən şərtlər daxilində ömründə bir dəfə vacib olan bir ibadətdir.
Bu ibadət islam ümmətinin bərabərliyinə xidmət edir. Bu ərəfədə dünyanın hər
bir yerindən gələn müsəlmanlar bir-birini məlumatlandırır və həmrəy olmalarını bir
daha nümayiş etdirməlidirlər.
Həcc ziyarətinin
daxilində ibadət ayinləriylə yanaşı bir çox hikmət və məqsədlər də vardır. Bu məqsədlərin
hər biri tövhid prinsipi altında birləşir. Necə ki, Allah-təala Quranda Həcc
surəsinin 37-ci ayəsində buyurur: "Onların nə əti, nə də qanı, əlbəttə, Allaha
çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır (səmimi-qəlbdən etdiyiniz
ibadətdir). Allah sizi doğru yola yönəltdiyi (sizə həccin əməllərini göstərdiyi)
üçün Onu (layiqincə) uca tutasınız deyə, bunları sizə belə ram etdi. (Ey Muhəmməd!)
Ehsan edənlərə (Cənnətlə) müjdə ver!”
Allaha
qurbanvermə hadisəsi İbrahim əleyhissəlamdan qabaq baş vermiş və bu hadisə Maidə
surəsinin 27-ci ayəsində bu cür "(Ya Rəsulum!) Onlara Adəmin iki oğlunun əhvalatını
olduğu kimi söylə. Onlar qurban gətirdikləri zaman birinin qurbanı qəbul
edilmiş, digərininki isə qəbul olunmamışdı......” xatırlanır. Qurban bayramı "peyğəmbərlər
atası” sayılan Həzrəti İbrahim əleyhissəlamın adı ilə bağlı olmaqla ondan sonra
ümmətə vacib olmuş və bu gün də davam etməkdədir. Necə ki, peyğəmbərimiz Məhəmməd
əleyhissəlam bu haqda buyurur: "Qurban kəsin! Çünki qurban kəsmək əcdadınız
İbrahim əleyhissəlamın sünnəsidir.”
Həzrəti
İbrahim və İsmail arasında baş verən hadisə əslində Allahın insanlara olan rəhmətinin
bir təzahürüdür. Çünki tarixdə zaman-zaman "Tanrıya qurbanvermə” adətləri
mövcud olmuş və bu hadisədən sonra isə qurbanın kimə və necə verildiyi bir daha
təsdiq olunmuşdur. Əlbətdə ki, bu hadisə barəsində Qurani-kərimdə açıq-aşkar xəbər
verilmiş və təfsir alimləri bu haqda geniş şərhlər vermişlər. Ümumi nəticə isə
kamillik zirvəsinin fəthində-Allaha gedən bir yolda ən yaxşı rabitənin təqva
olması göstərilmişdir.
İbrahim və
İsmail əleyhissəlamın yaşadığı olay Qurani-Kərimdə belə zikr olunur: "(İbrahim
müqəddəs torpağa yetişdikdən sonra dua edib) dedi: "Ey Rəbbim! Mənə salehlərdən
olan (bir övlad) bəxş et!” Biz də ona həlim xasiyyətli bir oğlan uşağı (İsmail)
ilə müjdə verdik. O, yüyürüb qaçmaq (atasına kömək edə bilmək) çağına (on üç
yaşına) çatdıqda (İbrahim) dedi: "Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm.
Bax gör (bu barədə) nə fikirləşirsən!” O dedi: "Atacan! Sənə nə əmr olunursa,
onu da et. İnşallah, mənim səbrlilərdən olduğumu görəcəksən!” Onların hər ikisi
(Allahın əmrinə) təslim olduğu və (İbrahim İsmaili qurban kəsmək üçün) üzüstə
yerə yıxdığı zaman. Biz ona belə xitab etdik: "Ya İbrahim! Artıq sən röyanın
düzgünlüyünü (Allah tərəfindən olduğunu) təsdiq etdin!” (Sənə yuxuda nə əmr
olunmuşdusa, onu yerinə yetirdin. Allah sənə lütf edərək oğlunun yerinə bir qoç
kəsməyi buyurur). Biz yaxşı iş görənləri belə mükafatlandırırıq. Şübhəsiz ki,
bu, açıq-aydın bir imtahan idi.Biz ona böyük bir qurbanlıq (Habilin qurbanlıq
qoçunu) əvəz verdik. Sonradan gələnlər arasında onun üçün (yaxşı ad, gözəl
xatirə) qoyduq. (Onu belə yad edirlər: )
"İbrahimə salam olsun!” Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə
mükafatlandırırıq! Şübhəsiz ki, o Bizim mömin bəndələrimizdən idi!” (Saffat
surəsi 100-111)
Azərbaycanlı
islam alimi Mirməhəmməd Kərim Bakuvi (Mirməhəmməd
Kərim ibn Mir Cəfər əl-Ələvi əl-Hüseyni əl-Bakuvi) (1853-1938) "Kəşfül-həqayiq”
əsərində bu ayələrin şərhində yazır: Cənab İbrahim Şamda yerləşəndən sonra dua edib Allah-Təaladan övlad istəmiş
və "Ey mənim rəbbim, mənə salehlərdən olan bir övlad ver.” deyə dua etmişdi.
Allah bu müstəcəb duanın müqabilində onu İsmayıl ilə müjdələmişdir. İsmayıl
yetkin yaşına çatdıqda, cənab İbrahim Məkkədə olan zaman yuxu görmüş və yuxuda oğlu İsmayılın boğazının kəsilməsi (qurban
etmə ilə) ona təlqin olunmuşdur.
İsmayıl bu xəbəri eşitdikdə təmkin göstərib atasının ona dediyi-Allahın əmrinə tabe
olub razılığını bildirmişdir. Allah imtahandan uğurla çıxan peyğəmbərini "İbrahimə
salam olsun!”-deyə
mükafatlandırmışdır.
Qurban sözü ərəbcədən
dilimizə "yaxın olmaq, məşvərət edilən” mənalarını
verməklə yanaşı, eyni kökdən törəmiş isim kimi götürdükdə "insanı Allaha
yaxınlaşdıran səbəb, vəsilə anlamına gəlir. Qurban adət-ənənəmizdə Allaha
yaxınlaşmaq üçün kəsilən heyvana deyilsə də, əsl mənası Allaha yaxın olmaq üçün
nəzərdə tutulan hər hansı bir şey deməkdir. İslam ədəbiyyatında isə qurban "Allaha
ibadət və yaxınlaşma niyyəti ilə müəyyən vaxtda, müəyyən bir heyvanı
qayda-qanuna uyğun kəsmək” deməkdir. Yəni xırdabuynuzlu, iribuynuzlu və ya dəvəni
Qurban bayramının ilk üç günündə Allaha ibadət etmək niyyət ilə qaydalara uyğun
kəsməkdir.
İslam hüququna görə, dəvə, inək, keçi və qoyun cinsindən qurban kəsmək
olar. Belə ki, Qurani-kərimin Həcc surəsində qurbanlığın "ənam” adlanan ev
heyvanlarından olması şərt sayılıb. Buna görə də bir çoxlarının təsəvvür etdiyi
kimi, "Qurban bayramı günü mütləq heyvan kəsmək lazımdır” düşüncəsi ilə adı çəkilən
heyvanları kəsməyə imkanı olmayan şəxsin toyuq, xoruz və sairə kəsməsi qurban
sayılmaz.
Qurbanlıq heyvan hər şeydən əvvəl sağlam və nöqsansız olmalıdır. Kor,
buynuzsuz, şikəst, axtalanmış, hər hansı bədən üzvündə eyib olan heyvanı Allah
yolnda qurban kəsmək icazəli deyildir. Qurbanlıq heyvanın erkək və ya dişi olması
vacib deyildir. Dəvənin ən azı 5 yaşı bitib 6-cı ilə keçməlidir. İnəyin və
keçinin 2 yaşı bitib 3-cü ilə keçməsi kifayət edər. Qoyun isə ən azı 7 ayını
başa vurub 8-ci aya keçməlidir; amma ehtiyata görə, qoyunun bir ilinin tamam
olması daha yaxşıdır. Bunlar cəfəri fiqhinə aid olan hökmlərdir. Əhli-sünnə məzhəbinə
görə, qoyun və keçinin bir yaşına dolması şərtdir. Amma əgər bir yaşından kiçik
olan quzu ölçülərinə görə bir yaşlı qoyun kimi görünərsə, kəsilməsinə icazə
verilir. Əhli-sünnəyə görə. inəyin ən azı 2, dəvənin ən azı 5 yaşı tamam
olmalıdır.
Qurbanlıq heyvan kəsildikdən sonra ətinin bölüşdürülməsi haqqında İbn Abbas
Hz. Peyğəmbərin qurbanı haqqında, "O, üçdə birini ailə fərdlərinə yedirər, üçdə
birini yoxsul olan qonşularına yedirər, geri qalan üçdə birini də sədəqə verərdi.”
fikirlərini nəql etmişdir. Bu və digər rəvayətlərə istinad edən islam alimləri
qurban ətinin üç hissəyə ayrılaraq ehtiyaclı olan insanlara paylanılmasını
tövsiyyə etmiş, həmçinin heyvanın dərisini, yununu, bağırsaqlarını, sümüklərini,
piyini, baş-ayaq və digər hissələrinin satılması da qəbul etməmişlər.
Qurban niyyətilə yaxud başqa niyyətlə kəsilməsindən asılı olmayaraq,
heyvanın bədəninin bəzi üzvlərini yemək İslam şəriətində haram sayılır. Bu bədən
üzvlərinin sayı əksər alimlərin fikrincə 14-dür: qan, peyin, erkək heyvanın
cinsiyyət üzvü, dişi heyvanın cinsiyyət üzvü, balalıq, düşul adlı vəzi,
xayalar, beyindəki noxud formalı hissə, onurğa beyni, onurğanın iki tərəfindəki
piy, öd kisəsi, dalaq, sidik kisəsi, gözün hədəqəsi.
Son olaraq
qeyd etmək olar ki, bütün ibadət növlərində olduğu kimi Qurban ibadətinin də əsas
mahiyyəti ixlas və səmimiyyətdədir. Bu səmimiyyət hər il müsəlmanların vəhdət və
bərabərliyini bariz şəkildə nümayiş etdirir.
Müsəlmanlar
birlikdə "ləbbeyk” deyib Allah evi Kəbənin ətrafında dövrə vurub onu yeddi dəfə
təvaf edib digər vacib əməllərin icrasından sonra möhtərəm bir adın daşıyıcısı
olurlar. Hər bir insan ilk dəfə bu evi gördükdə keçirdikləri hissləri qələmlə
ifadə etmək mümkünsüzdür. Rəbbimiz tezliklə bu anı yaşamaq istəyənlərə bu
arzuya yetmələrini nəsib etsin. Bütün zəvvarların tezliklə sağ-salamat vətənmizə
qayıtmasına vasitə olsun. Amin!
Samid Quliyev,
Lənkəran
rayonu Ləj kənd məscidinin axundu, AMEA Əlyazmalar İnstitutunun
doktorantı,
AJB-nin
üzvü
