Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ABŞ və İran arasında əldə olunmuş razılaşmalar çərçivəsində yaxın vaxtlarda İranın nüvə obyektlərində yoxlamalara başlamağı planlaşdırır.

Bu barədə AEBA-nın baş direktoru Rafael Qrossi Yaponiyanın Milli Mətbuat Klubunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Vaşinqton və Tehran arasında əldə edilən anlaşma memorandumu sənədin nüvə hissəsinin icrasına beynəlxalq nəzarəti nəzərdə tutur ki, bunu da AEBA həyata keçirəcək.

"Nəzarəti həyata keçirmək üçün yoxlamalar aparmaq lazımdır - başqa yol yoxdur. Texniki işlərə artıq başlanılıb və biz yaxın vaxtlarda yoxlamalara başlamağı planlaşdırırıq", - Qrossi qeyd edib.

İranın yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarının olduğu yeri şərh edən agentliyin rəhbəri bildirib ki, AEBA-nın qiymətləndirməsinə görə, onlar böyük ehtimalla 2025-ci ilin iyun ayında olduqları yerdə qalmaqdadır.

"Ehtiyatların böyük bir hissəsi Fordodakı obyektdə, qismən də Natanzdadır. Lakin bunu təsdiqləmək üçün obyektlərə giriş əldə etməliyik", - o söyləyib.

.