Nazirlər Kabineti “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin keçirilməsi qaydasının, qrant məbləğinin müəyyən edilməsi meyarlarının və hər bir mövzu üzrə qrant məbləğinin yuxarı həddinin təsdiq edilməsi haqqında” qərar verib.
Müəyyən edilib ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin informasiya ehtiyatı fəaliyyətə başlayanadək həmin informasiya ehtiyatı vasitəsilə həyata keçirilməsi nəzərdə tutulan prosedurlar Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən həyata keçirilir.

Layihələrə ayrılmış maliyyə vəsaiti Azərbaycan manatı ilə müsabiqənin qalibi olan müvafiq QHT-nin bank hesabına köçürülür.
Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış və bu Qayda ilə müəyyən edilmiş tələblərə cavab verən QHT-lər müsabiqədə iştirak etmək hüququna malikdirlər. Təqdim olunmuş layihələrin Agentlik tərəfindən maliyyələş dirilməsi məqsədilə aşağıdakı müsabiqələr təşkil olunur:
- kiçik qrant müsabiqəsi;
- orta qrant müsabiqəsi;
- böyük qrant müsabiqəsi;
- səfər qrantı müsabiqəsi.
Agentlik tərəfindən eyni QHT-nin təqvim ili ərzində müsabiqələr üzrə yalnız 1 (bir) layihəsi (səfər qrantları istisna olmaqla) maliyyələşdirilə bilər. Müsabiqə elanına uyğun olaraq QHT müsabiqəyə yalnız özü və ya digər tərəfdaş QHT və ya QHT-lər ilə birlikdə layihə təqdim edə bilər. Bu zaman həmin QHT-lər saziş imzalamaqla əsas ərizəçi təşkilatı müəyyən edir. Layihəni əsas ərizəçi təşkilat təqdim edir və qrant müqaviləsi həmin təşkilat ilə bağlanılır.
Kiçik qrant müsabiqəsi üzrə müraciət edən QHT-nin təqdim etdiyi layihə aşağıdakı tələblərə uyğun olmalıdır:
- layihənin QHT-nin nizamnaməsində nəzərdə tutulan fəaliyyət istiqamətlərinə uyğun olması;
- layihənin icrası ilə bağlı QHT-nin işçi heyətinin layihə idarəetmə imkanlarına malik olması;
- layihənin icra müddətinin 6 (altı) aydan artıq olmaması;
- layihənin xərclər smetasının Nazirlər Kabinetinin müəyyən etdiyi kiçik qrant məbləğinin yuxarı həddindən artıq olmaması.

Orta qrant müsabiqəsi üzrə müraciət edən QHT-nin təqdim etdiyi layihə aşağıdakı tələblərə cavab verməlidir:
- layihənin QHT-nin nizamnaməsində nəzərdə tutulan fəaliyyət istiqamətlərinə uyğun olması;
- layihənin icrası ilə bağlı QHT-nin işçi heyətinin layihə idarəetmə imkanlarına malik olması;
- layihə təqdim edən QHT-nin Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 654 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların siyahısı”nda nəzərdə tutulan qurumlar qarşısında (olduğu halda) müqavilə şərtlərindən irəli gələn maliyyə öhdəliyinə əməl etməsi;
- layihə təqdim edən QHT-nin son 3 (üç) il müddətində fəaliyyəti, həyata keçirdiyi layihələr, habelə proqramlar barədə azı 10 (on) informasiyanın media subyektlərində yayılması;
- layihənin icra müddətinin 9 (doqquz) aydan artıq olmaması;
- layihənin xərclər smetasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi orta qrant məbləğinin yuxarı həddindən artıq olmaması.
Böyük qrant müsabiqəsi üzrə müraciət edən QHT-nin təqdim etdiyi layihə aşağıdakı tələblərə uyğun olmalıdır:
- layihənin QHT-nin nizamnaməsində nəzərdə tutulan fəaliyyət istiqamətlərinə uyğun olması;
- layihənin icrası ilə bağlı QHT-nin işçi heyətinin layihə idarəetmə imkanlarına malik olması;
- layihə təqdim edən QHT-nin Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 654 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların siyahısı”nda nəzərdə tutulan qurumlar qarşısında (olduğu halda) müqavilə şərtlərindən irəli gələn maliyyə öhdəliyinə əməl etməsi;
- layihə təqdim edən QHT-nin son 5 (beş) il müddətində fəaliyyəti, həyata keçirdiyi layihələr, habelə proqramlar barədə azı 20 (iyirmi) informasiyanın media subyektlərində yayılması;
- layihənin icra müddətinin 12 (on iki) aydan artıq olmaması;
- layihənin xərclər smetasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi böyük qrant məbləğinin yuxarı həddindən artıq olmaması.
- Səfər qrantı müsabiqəsi QHT-nin Azərbaycan Respublika- sının hüdudlarından kənarda milli maraqların müdafiəsi, Azərbaycan Respublikasının xarici siyasət prioritetlərinin, təşəbbüslərinin dəstəklənməsi, beynəlxalq əməkdaşlığın gücləndirilməsi ilə əlaqədar layihələrinin maliyyələşdirilməsi məqsədilə təşkil olunur. Səfər qrantı müsabiqəsi üzrə müraciət edən QHT-nin təqdim etdiyi layihə aşağıdakı tələblərə uyğun olmalıdır:
- layihənin icra müddətinin 2 (iki) aydan çox olmaması;
- layihənin xərclər smetasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi səfər qrantı müsabiqəsi məbləğinin yuxarı həddindən artıq olmaması.
Müsabiqə Agentlik tərəfindən şəffaflıq, obyektivlik, səmərəlilik, nəticəlilik və bərabərlik prinsiplərinə riayət olunmaqla keçirilir. Müsabiqənin keçirilməsi haqqında elan müsabiqənin başlanılmasına azı 30 (otuz) gün qalmış Agentlik tərəfindən onun rəsmi internet səhifəsində, sosial şəbəkə hesablarında və informasiya ehtiyatında yerləşdirilir, habelə bu barədə media vasitəsilə ictimaiyyətə məlumat verilir. Müsabiqənin keçirilmə müddəti 6 (altı) aydan artıq ola bilməz.
Aşağıdakı layihələr müsabiqəyə buraxılmır:
- əvvəllər keçirilən müsabiqələrin nəticələrinə görə dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilmiş eyni məzmunlu layihələr;
- məzmunu Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktları və bu Qayda ilə ziddiyyət təşkil edən layihələr.
Agentliyin maliyyələşdirdiyi icrası başa çatmayan layihələri həyata keçirən QHT, habelə layihələrlə bağlı qrant müqaviləsi üzrə öhdəliklərini pozduğuna görə 2 (iki) ilədək müddətə müsabiqədə iştirak hüququndan məhrum edilən, eləcə də nizamnamə məqsədlərinə uyğun layihə təqdim etməyən QHT müsabiqəyə buraxılmır.

Agentlik müsabiqəyə təqdim edilmiş layihələrə münasibətdə qrant məbləğlərini aşağıdakı meyarlar nəzərə alınmaqla müəyyən edir:

- layihənin icra planında nəzərdə tutulmuş fəaliyyətin, o cümlədən layihənin işçi heyətinin saxlanılması üçün xərclərin layihənin icrası üçün nəzərdə tutulan xərclərə mütənasib olması;

- QHT-nin kadr potensialı və layihənin idarə olunması mexanizmləri;

- layihənin icrasında digər QHT-nin cəlb edilməsi;

- layihə müddətinin müqavilə şərtlərinə uyğunluğu və qarşıya qoyulan məqsədlərin icrası üçün mütənasib olması;

- layihənin məqsədinin, nəticələrinin aydın və konkret olması.

 

Agentlik tərəfindən qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin hər bir mövzusu üzrə qrant məbləğinin yuxarı həddi aşağıdakı kimi müəyyən edilir:

- “Kiçik qrant müsabiqəsi” çərçivəsində hər bir mövzu üzrə -

15000 (on beş min) manat;

- “Orta qrant müsabiqəsi” çərçivəsində hər bir mövzu üzrə -

30000 (otuz min) manat;

- “Böyük qrant müsabiqəsi” çərçivəsində hər bir mövzu üzrə - 50000 (əlli min) manat;

- “Səfər qrantı müsabiqəsi” üzrə - 10000 (on min) manat.

.