Azərbaycan Mətbuat Şurasının sədri Vüqar Zifəroğlu APA TV-nin müxbiri Sənan Bəhrəmliyə qarşı törədilmiş zorakılıqla bağlı açıqlama verib.

Vüqar Zifəroğlu APA TV-nin müxbiri Sənan Bəhrəmlinin Bakının Nizami rayonu, Davud Aslan küçəsində fəaliyyət göstərməyən ət kombinatının ərazisində baş vermiş yanğın hadisəsini işıqlandırarkən fiziki hücuma məruz qalması, təhqir edilməsi və peşə fəaliyyətinə maneçilik törədilməsini qəbuledilməz adlandırıb.

Mətbuat Şurasının sədri deyib ki, jurnalistin hadisə yerində ictimai əhəmiyyət daşıyan məlumatları toplaması və cəmiyyətə çatdırması onun peşə vəzifəsidir: "Bu fəaliyyətə qarşı fiziki güc tətbiq edilməsi, təhdid və təhqirlərə yol verilməsi yalnız jurnalistin hüquqlarına deyil, bütövlükdə informasiya əldə etmək və yaymaq azadlığına qarşı yönəlmiş davranışdır.

Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə, onu təhqir edə və texniki avadanlığına zərər vura bilməz. Hadisə yerində təhlükəsizlik və qaydaların qorunması qanuni çərçivədə təmin edilməli, jurnalistlərin fəaliyyəti isə əsassız məhdudlaşdırılmamalıdır".

Vüqar Zifəroğlu baş vermiş hadisənin aidiyyatı orqanlar tərəfindən hərtərəfli və obyektiv araşdırılacağına, jurnalistə qarşı zorakılıq törətmiş şəxsin əməlinə hüquqi qiymət verilıcəyinə, qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcəyinə əminliyini ifadə edib.

Qeyd edək ki, ötən gün APA TV- nin əməkdaşı Sənan Bəhrəmli peşə fəaliyyətini yerinə yetirərkən zorakılığa məruz qalıb. Özünü yanğın baş vermiş kombinatın mühafizəçisi kimi təqdim edən Heydər Sərdarov Sənan Bəhrəmliyə fiziki xəsarət yetirib, onu təhqir edib və şirkətin texniki avadanlığına zərər vurub.

Daxili İşlər Nazirliyi faktla bağlı cinayət işi başlayıb, Heydər Sərdarov saxlanılıb.

.