Apellyasiya Komissiyasına mayın 25-də və iyunun 1-də keçirilmiş II, III və I, IV ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri ilə bağlı 1959 abituriyent 3298 yazı işi üzrə qiymətlərinin araşdırılması üçün müraciət edib.

Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Məlumata əsasən, edilən bütün müraciətlər araşdırılıb, haqlı iradlar nəzərə alınıb, digər (əsassız) iddialarla bağlı isə abituriyentlərin elektron apellyasiya ərizələrinə hər iş üzrə ekspert rəyi əlavə edilib.

Bildirilib ki, müraciətlərin 18-i boş yazı işindən (bu işlərdə abituriyentlər tərəfindən heç bir yazı işi yerinə yetirilməyib və tamamilə boşdur), 28-i isə tam bal ilə qiymətləndirilmiş işlərdən (bu işlər yoxlama vaxtı markerlər tərəfindən tam bal ilə qiymətləndirilib) olub. Tam ballıq işlərə aid müraciətlər də araşdırılıb və elektron apellyasiya ərizələrində müvafiq qeydlər yazılıb.

Apellyasiya Komissiyası tərəfindən 393 abituriyentin 420 (bütün yazı işlərinin 0,05%-i) yazı işi ilə bağlı düzəliş edilib. Bu düzəlişlərdən 34-ü yerdəyişmə halları ilə (cavab vərəqində bir tapşırığa aid yazı işinin həllinin və ya cavabının başqa tapşırıq üçün nəzərdə tutulmuş hissəyə yazılması halları), qalanları isə yazı işlərinin qiymətləndirilməsi zamanı yol verilən xətalarla bağlıdır. 6 yazı işinə verilən bal isə ekspertlərin rəyi ilə endirilib.

Müvafiq düzəlişlər iyulun 4-də gün ərzində abituriyentlərin imtahan nəticələri səhifəsində yekun ballarında öz əksini tapacaq.

Xatırladaq ki, 25 may və 1 iyun tarixlərində keçirilmiş imtahanlarda ümumilikdə 91939 abituriyent iştirak edib və bu abituriyentlər 827451 yazı işi yerinə yetiriblər.

.