Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə 1995-1999-cu illərdə müdafiə nazirinin müavini olmuş Mehman Səlimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.  Bizimyol.info xəbər verir ki, prosesdə Mehman Səlimovun vəkili məhkəmənin tərkibinə yazılı etiraz təqdim edib. Etirazda qeyd olunr ki, məhkəmədə yalnız ittiham tərəfinin sübutları araşdırılıb, müdafiə tərəfinin sübutlarının üzrəindən isə keçildiyinə görə məhkəmə tərkibinə etiraz edilir. 
Məhkəmə etirazı baxılmamış saxlayıb. Bildirilib ki, məhkəmə istintaqı yekunlaşıb. 
Cıxış ücün söz dövlət ittihamcısına verilib. Dövlət ittihamçısı M.Səlimovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmə iclası aprelin 15-də davam edəcək. 
İttihama görə, 2006-cı ildən başlayaraq M.Səlimovun sahibi olduğu MMC-də Müdafiə Nazirliyinin sifarişi əsasında aparılmış tikinti işlərində külli miqdarda mənimsəməyə yol verilib. 1995-1999-cu illərdə müdafiə nazirinin siyasi və ictimai işlər üzrə müavini vəzifəsində işləmiş Mehman Səlimov 2014-cü ilin noyabr ayında həbs olunub. Ona qarşı külli miqdarda mənimsəmə, qanunsuz sahibkarlıq, vergidən  yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə,və vəzifə saxtakarlığı maddələri ilə ittiham irəli sürülüb.
Məhkəmədə ifadə verən M.Səlimov ittihamlarla razılaşmır, bildirir ki, Səfər Əbiyevin təklifi ilə həmin işlərlə bağlı müqavilə bağlasa da, ona işi başa çatdırmaq üçün yetərli pul verilməyib. 
Mediada yazılan məlumatlarda Mehman Səlimovun işdən çıxarılmasının səbəbi kimi onun Baş Qərargah rəisi Nəcməddin Sadıqova qarşı mətbuatda səsləndirdiyi ittihamlar göstərilir. M.Səlimov 1999-cu ildə mətbuata verdiyi açıqlamalarda Nəcməddin Sadıqovun ünvanına kəskin ittihamlar səsləndirmişdi. O, Baş Qərargah rəisinin müdafiə naziri olmaq üçün səylər göstərdiyini, faktiki olaraq həmin vaxt müdafiə naziri olan Səfər Əbiyevə qarşı iş apardığını bildirmişdi. Bu açıqlamalardan sonra Mehman Səlimov tutduğu vəzifədən azad edilmişdi. Mehman Səlimov isə məhkəmədə bildirdi ki, 1999-cu ildəki müsahibədən sonra təqaüdə göndərilməsi müsahibədə jurnalistin səhv yazması ucbatından olub. 
.