Rusiyanın Kiyevə hücumları nəticəsində ölənlər arasında Azərbaycan vətəndaşı var.

APA xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski X sosial şəbəkəsində bildirib.

Onun sözlərinə görə, Rusiyanın ötən gecə Kiyevə hücumları nəticəsində iki nəfər ölüb, onlardan biri Azərbaycan vətəndaşıdır.

Ukrayna prezidenti həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.

Zelenski bildirib ki, hücumlar Ukraynanın bir sıra regionlarını əhatə edib. Xarkovda çoxmərtəbəli yaşayış binasına zərbə endirilib, binanın ikinci və dördüncü mərtəbələri qismən dağılıb.

Ukrayna lideri qeyd edib ki, Kiyevdə pilotsuz uçuş aparatlarının hücumları nəticəsində yaşayış binaları, kommunikasiya infrastrukturu və yanacaqdoldurma məntəqələri zərər görüb. Paytaxtda kafe dağıdılıb, ərzaq bazarında isə yanğın baş verib.

Zelenski bildirib ki, Odessa vilayətində Palau bayrağı altında üzən gəmiyə zərbə endirilib, Jitomir vilayətində isə dondurma fabriki zədələnib.

Sumı, Rivne, Xarkov və Odessa vilayətlərində yaşayış binalarına, Vinnitsa, Dnepr, Xmelnitski və Zaporojye vilayətlərində isə kritik infrastruktura zərbələr endirildiyi bildirilib.

Qeyd olunub ki, hücumlar nəticəsində onlarla insan yaralanıb. Təkcə Xarkovda 9-u uşaq olmaqla 28 nəfər xəsarət alıb.

Zelenski Ukraynaya hava hücumundan müdafiə sistemləri, enerji sektoruna dəstək və büdcə kəsirinin qarşılanması üçün yardımın vacibliyini də vurğulayıb.

.