Hazırda dünyada müşahidə olunan təchizat zəncirlərindəki böhranı nəzərə alsaq, “Tramp marşrutu” layihəsi beynəlxalq ticarət əlaqələrində yeni mərhələ aça bilər.

Yenizaman Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan Paris Sülh Konfransının panel müzakirəsi zamanı bildirib.

Baş nazir xatırladıb ki, Vaşinqtonda Ermənistan və Azərbaycanın parafladığı sülh sazişində regional əlaqəliliyin açılması ilə bağlı müddəa yer alıb: “Həmin bəndə əsasən, Ermənistan və ABŞ Ermənistan ərazisində həyata keçiriləcək “Tramp marşrutu” layihəsini ikitərəfli əsasda reallaşdıracaqlar. Bu, Ermənistan və ABŞ arasında birbaşa layihədir, lakin onun həyata keçirilməsi üçün Azərbaycanla əlaqə xüsusi əhəmiyyət daşıyır, çünki bizə Şərqdən Qərbə çıxış lazımdır. Bu, həm Ermənistan, həm də Azərbaycan üçün vacibdir, çünki bu halda qarşılıqlı kommunikasiya imkanları yaranacaq”, – Paşinyan bildirib.

Onun sözlərinə görə, Ermənistan və ABŞ bu istiqamətdə fəal işləyir.

Paşinyan qeyd edib ki, regional qarşılıqlı əlaqə anlayışı hər iki ölkəyə - həm Ermənistana, həm də Azərbaycana bir-birinin ərazisindən daxili, ikitərəfli və beynəlxalq kommunikasiya məqsədləri üçün istifadə etmək imkanı yaradır:

“Beləliklə, bizim ərazimiz vasitəsilə beynəlxalq tranzit üçün yeni marşrut açılacaq. Dünyada təchizat zəncirlərində mövcud böhranı nəzərə alsaq, bu layihə beynəlxalq ticarəti və regionumuzun iqtisadi vəziyyətini dəyişə bilər”.

.