Hazırda Fransada gizlənən qazax bankir Muxtar Ablyazov özünü Qazaxıstandakı kütləvi etiraz aksiyalarının təşəbbüskarı kimi təqdim etməkdən imtina edib.

O, bu barədə “RİA Novosti”yə verdiyi müsahibəsində danışıb.

Onun sözlərinə görə, yanvarın 2-si ölkədə kütləvi aksiya başlayıb və müxalifət bundan istifadə etmək qərarına gəlib.

“Məlumat üçün qeyd edim ki, biz hər üç həftədən bir aksiya elan edirik. Bizim yanvarın 2-si insanların maye qazın qiymətinin azaldılması tələbi ilə keçirdiyi aksiya ilə heç bir əlaqəmiz yoxdur”, - deyə Ablyazov bildirib.

Ablyazov bir müddət əvvəl Qazaxıstandakı aksiyaların koordinasiya mərkəzinin Çində yerləşdiyini bəyan etmişdi.

Xatırladaq ki, “Bank Turan Alem”in Direktorlar Şurasının keçmiş sədri Muxtar Ablyazov yanvarın əvvəllərində özünü Qazaxıstandakı müxalifətin və etiraz aksiyalarının lideri adlandırmışdı.

.