ABŞ Prezidenti Donald Trampın administrasiyası Rusiya-Ukrayna münaqişəsinin nizamlanması istiqamətində irəliləyişə nail olmağı hədəfləyir.
Bu barədə Trampın xüsusi nümayəndəsi Cared Kuşnerin sosial şəbəkə hesabında, Moskva, Kiyev və Vaşinqtonun iştirakı ilə Əbu-Dabidə keçiriləcək ikigünlük üçtərəfli danışıqlar ərəfəsində yayılan bəyanatında bildirilib.
"Prezident Tramp bu dəhşətli müharibəyə son qoymaqda qətiyyətlidir", – bəyanatda qeyd olunub.
Bildirilib ki, ABŞ-nin əsas məqsədi davamlı sülhü təmin edəcək, suveren, təhlükəsiz və firavan Ukraynanın formalaşması üçün şərait yaradacaq diplomatik həll yolu tapmaqdır.
Kuşnerin sözlərinə görə, danışıqlardan əvvəl ABŞ nümayəndə heyəti Ukrayna, Avropa İttifaqı (Aİ), NATO, Almaniya, Fransa, Böyük Britaniya və İtaliyanın təmsilçiləri ilə məsləhətləşmələr aparacaq.
"Biz Avropanın təhlükəsizliyi və Ukraynanın müharibədən sonrakı gələcəyi ilə bağlı son həftələr ərzində həyata keçirdiyimiz sıx məsləhətləşmə və koordinasiyanı davam etdirmək üçün tərəfdaşlarımızla görüşəcəyik", – o bildirib.
Xüsusi nümayəndə vurğulayıb ki, danışıqların əsas məqsədi Ukrayna və Rusiyanı müharibədən sonrakı təhlükəsizlik problemlərini, təkliflərini və mümkün həll yollarını birbaşa müzakirə etmək üçün bir araya gətirməkdir.
Onun sözlərinə görə, müzakirələr tərəflərin mövqelərinin yaxınlaşdığı sahələri müəyyənləşdirməyə, praktiki həll yollarını irəli aparmağa və danışıqların növbəti mərhələsinə təkan verməyə imkan verə bilər.
Danışıqlarda dörd əsas istiqamətə xüsusi diqqət yetirilməsi planlaşdırılır: hərbi əməliyyatların dayandırılması, Ukraynaya təhlükəsizlik təminatlarının verilməsi, iqtisadi bərpa və investisiyaların cəlb edilməsi, həmçinin hərbi əsirlərin və mülki şəxslərin geri qaytarılması daxil olmaqla humanitar məsələlər.
ABŞ tərəfi, həmçinin ümumi təhlükəsizlik məsələləri üzrə Rusiya ilə Avropa ölkələri arasında birbaşa dialoqun qurulmasını zəruri hesab edir.
"Ümid edirik ki, diqqəti müharibənin idarə olunmasından davamlı sülhün əsaslarının yaradılmasına yönəldə biləcəyik", – Kuşner vurğulayıb.
.
