ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri, Luiziana ştatından Respublikaçılar Partiyasını təmsil edən Mayk Conson bildirib ki, İrana qarşı əməliyyat çərçivəsində Birləşmiş Ştatların missiyası, demək olar, yerinə yetirilib.

Conson bu barədə "Associated Press" agentliyinə müsahibəsində danışıb.

"Mənim qiymətləndirməmə görə, ilkin olaraq qarşıya qoyulan vəzifə faktiki olaraq yerinə yetirilib. Məqsədimiz ballistik raketlərin və onların istehsal obyektlərinin məhv edilməsindən, eləcə də İranın Hərbi Dəniz Qüvvələrinin neytrallaşdırılmasından ibarət idi. Bu vəzifələr yerinə yetirilib", - spiker bildirib.

O əlavə edib ki, münaqişənin müəyyən qədər uzanması Tehranın Hörmüz boğazında dəniz gəmiçiliyinin təhlükəsizliyinə hələ də təhlükə yaratmaq imkanlarına malik olması ilə bağlıdır.

"Vəziyyəti müəyyən dərəcədə sabitləşdirmək mümkün olan kimi, hesab edirəm ki, vəzifə faktiki olaraq yerinə yetirilmiş olacaq", - Conson vurğulayıb.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.
 

.