“Region deputatın gözü ilə” layihəsi üçün növbəti müsahib axtarırdıq ki, sosial şəbəkədə qarşımıza İsmayıllının özünəməxsus təbiəti və turizm mərkəzlərinin görüntüləri çıxdı. “Nə xoş təsadüf”, - deyərək, 89 saylı İsmayıllı seçki dairəsinin deputatı Novruz Aslanla əlaqə saxladıq. Zəng edər-etməz dəqiq gün və saat təyin edən deputatın iş qrafiki fikrimizdən yayınmadı.

Müsahibəyə yol aldığımız vaxt maşında Novruz Aslanın bəstələrini, xüsusilə Faiq Ağayevin repertuarından “Aldatdı məni”, İlhamə Quliyevanın repertuarından “Gecə də, gündüz də yol gedirəm mən” mahnılarını dinləyirdik. Fotoqrafımız Mehdi "Yaşın nə fərqi var” mahnısının da bu bəstələrə bənzədiyini dedi. Biz də Novruz Aslanın daha bir bəstəsini, - İlhamə Quliyevanın repertuarında səslənən həmin musiqini dinləməyə başladıq. 1999-cu ildən könüllü olaraq sədrlik etdiyi Azərbaycan Qızıl Aypara Cəmiyyətinin binasına çatanda görüşə 5 dəqiqə qalırdı. Müsahibə isə tam danışdığımız vaxtda, - saat 15:00-da başladı.

Modern.az saytı “Region deputatın gözü ilə” layihəsinin növbəti buraxılışını təqdim edir.
 

- Novruz müəllim, uzun müddətdir ki, İsmayıllının deputatısınız. Bu rayon turizm baxımından çox əlverişlidir. Sizin üçün İsmayıllının məşhur yerləri deyəndə ağlınıza ilk nə gəlir, rayonun insanlarının əsas fərqli cəhəti nədədir?

- Uşaqlıq dövrümü xatırlayanda anlayıram ki, o zaman “vətən” sözünü bugünkü qədər dərindən dərk etmirdik. Təbii ki, biliklərimiz, həyat təcrübəmiz az idi. Ancaq illər keçdikcə, vətənə bağlılıq və torpaq sevgisi insanın daxilində öz yerini tutur. Mən bunu son illərdə daha dərindən hiss edirəm. Artıq uzun illərdir ki, deputat kimi İsmayıllını Milli Məclisdə təmsil edirəm. Hər həftənin cümə axşamı rayona gedir, sakinlərlə görüşür, onların müraciətlərilə tanış oluram. Nə vaxt işim çıxsa və rayona gedə bilməsəm, özümü qəribə, narahat hiss edirəm. 

Hər dəfə Şamaxıdan Muğanlı yolunu keçəndə içimdə qəribə bir duyğu oyanır. İsmayıllının təbiəti doğrudan da füsunkardır. Elə buna görə də onu haqlı olaraq Azərbaycanın mirvarisi adlandırırlar. Rayonun həm təbiəti, həm də insanlarının qonaqpərvərliyi, müxtəlif millətlərin sülh və dostluq şəraitində yaşaması İsmayıllıya xüsusi bir gözəllik bəxş edir. Hər bir xalqın özünəməxsus mədəniyyəti, dünyagörüşü yaşadığı rayona əlavə bir rəng qatır. Biz gözəl dağlar, təbiət mənzərələri görmək istəyiriksə, Babadağ, Burovdal, Lahıc, Basqal kimi yerlərə səfər etməliyik. Amma mənə görə İsmayıllının ən böyük sərvəti onun insanlarıdır.  

İsmayıllı camaatı çox mehriban, zəhmətkeş və qədirbiləndir. Dağ adamlarında çox maraqlı bir psixologiya var: əgər sənə inanırlarsa, səni qəlbdən sevirlər və heç vaxt unutmurlar. Amma bir dəfə onların etimadını itirsən, onu bərpa etmək çox çətin olur. Mən özümü xoşbəxt sayıram ki, deputatlıq fəaliyyətim sayəsində torpağımı və orada yaşayan insanları daha yaxından tanıdım. O zaman öyrəndim ki, bizim 105 kəndimiz var və hər birinin öz adət-ənənəsi, öz ruhu mövcuddur. Kəndləri qarış-qarış gəzmişəm. Bir kənddə dediyin sözü digər kənddə eyni şəkildə demək olmur, hər kəndin özünəməxsus psixologiyasına uyğun danışmaq lazımdır.
İsmayıllılarda bir xüsusiyyət də var: onlar səmimiliyə, dürüstlüyə çox önəm verirlər. Onlarla danışanda ifadələrə və sözlərə çox diqqət yetirməlisən, sözünün arxasında durmağı bacarmalısan. Mən deputat olduğum illər ərzində heç vaxt edə bilməyəcəyim bir işin sözünü verməmişəm. Amma verdiyim sözlərin 99 faizini yerinə yetirmişəm. Deputatlıq fəlsəfəm bir amal üzərində qurulub, – insanlara yaxın olmaq. Hesab edirəm ki, seçicilər millət vəkilinin yanına gəlməməlidir, əksinə, millət vəkili onların yanına getməlidir. Hər cümə axşamı İsmayıllıya getməyimin də səbəbi budur. Görürəm ki, insanların çoxunun maddi imkanı məhduddur. Bəziləri təkcə Bakıya yox, hətta rayon mərkəzinə belə gedə bilmir. Qışda, əsasən də rayon mərkəzində görüşlər keçirirəm, yayda isə kəndbəkənd gəzib hər bir kəndin problemi ilə maraqlanıram. Deputat həm də seçici ilə dövlət qurumları arasında körpü rolunu oynamalıdır. Mən bu fikrə səmimi şəkildə inanıram. İnsan bilməlidir ki, bu körpü etibarlıdır, o deputat vasitəsilə müvafiq qurumlara sözünü çatdıra bilir. Bunun üçün deputatın davranışı, həyat tərzi, hətta ictimai yerişi belə önəmlidir. Düzdür, qüsursuz insan yoxdur, amma biz çalışmalıyıq ki, səhvlərimiz az olsun, insanların bizə olan etimadını itirməyək. 

Mənim üçün ən önəmli məsələ bu illər ərzində İsmayıllı camaatının əksəriyyətinin verdiyi dəstəkdir. Əlbəttə, hamını razı salmaq mümkün deyil, çünki bəzən deputatın səlahiyyətinə aid olmayan məsələlər də ortaya çıxır. Amma çalışıram ki, hər müraciətə münasibət bildirim, insanlara istiqamət verim. Mənim üçün ən böyük mükafat onların etimadıdır. Çünki insanın etibarını qazanmaq çətindir, itirmək isə bir anlıq məsələdir. Bu inamı qorumaq üçün daim çalışmaq lazımdır. İsmayıllı təbiətin gözəlliyi ilə insanın saflığını birləşdirən bir diyardır. Bizim ən böyük dəyərimiz torpağımız ilə yanaşı, o torpağı sevən insanlardır.


- Deyilənə görə, ismayıllıların bir hissəsi sərt, bir hissəsi mülayimdir. Sizi bu kateqoriyadan hansına aid edə bilərik?

- Balans mənim üçün həm siyasətdə, həm də həyatda əsas meyardır. Mən təmkinli, səbirli insanam. Amma İsmayıllıya xas bir cəhət də mənim xarakterimdədir, səbirlə yanaşı, qətiyyət və ədalət hissi. Bu bizim dağ insanlarının ruhudur, sakit görünürük, amma içimizdə böyük bir güc var.

- Bəs olubmu ki, ismayıllılara görə məmurlara qarşı sərt mövqe sərgiləyəsiniz?

- Belə hal olmayıb, mənim ictimaiyyətdə tanınmağım, musiqi aləmində müəyyən yol keçməyim və əlbəttə, Davud Aslanın oğlu olmağım həyatımda çox şeyi asanlaşdırıb. Bu amillər insanlarla ünsiyyətdə, müxtəlif qapıların açılmasında mənə yardımçı olub. Hansı yerdə ismayıllıların problemini qaldırıramsa, onun ən azı, 70–75 faizinin həllinə nail ola bilirəm. Bu mənim üçün böyük nəticədir. Hər il bununla bağlı hesabat hazırlayıram ki, görülən işləri sistemli və şəffaf şəkildə ictimaiyyətə təqdim edə bilim. 

Milli Məclisdə çıxışlarım zamanı da demişəm: hər bir deputatın öz siyasəti olmalıdır. Mənim siyasətim isə çox sadədir - az danışmaq, çox iş görmək. Mən komitə iclaslarında qaldırılan bütün məsələlərdə fəal iştirak edir, mövqeyimi açıq bildirirəm. Amma plenar iclaslarda hər mövzuda çıxış etmirəm, yalnız ehtiyac olanda fikir bildirirəm. Çünki mənim üçün çıxış etmək məqsəd deyil, vasitədir. Efirlərdə, tədbirlərdə isə kifayət qədər danışıram, orada vaxt məhdudiyyəti olmur və fikirlərimi tam çatdırmaq imkanım yaranır. Heç kim də deyə bilməz ki, Novruz Aslanın nitqi, ritorikası zəifdir. Sadəcə mənim prinsipim səbirli olmaq, sözün çəkisini qorumaqdır. Bəzən bir cümlə ilə çox nitqdən artıq təsir yaratmaq mümkün olur.

- Siz Bakıda doğulmusunuz, burada ismayıllılarla tez-tez qarşılaşırsınız?

- Təbii ki, Bakıda qohum-əqrabam çoxdur. Mən Bakının Keşlə qəsəbəsində, “Ət kombinatı” küçəsində doğulmuşam. İndi həmin küçə atamın - Davud Aslanın adını daşıyır. 201 nömrəli məktəbdə oxumuşam, məktəbin yaxınlığında İsmayıllıdan köçən “Lahıclıların məhəlləsi” yerləşirdi. Yəni o vaxtdan həm paytaxtın mühiti, həm də dağ insanlarının səmimiyyəti mənim xarakterimdə birləşib. Maraqlıdır ki, ailəmin bir tərəfi İsmayıllı ilə bağlı olsa da, həyat bizi başqa bölgələrlə də bağlayıb. Məsələn, qızımın yoldaşı zəngilanlıdır. Elə buna görə də kimsə mənə “Zəngilanlıyam” deyəndə elə bilirəm ki, mənim də yerlimdir. 

Mənim qapım hamıya açıqdır. Məktəb illərindən bəri ictimai işlərlə məşğul olmuşam. Amma bir şey var ki, vəzifəm böyüdükcə, daha da sadələşmişəm. Mənim üçün rütbə və ya status önəmli deyil, əsas odur ki, insan kimi qalasan. Məndə “qəbul günü” deyilən anlayış yoxdur. Kim istəyirsə, qapımı döyür, içəri girir, dərdini, fikrini açıq söyləyir. Mənim iş prinsipimdə məsafə yoxdur, əsas məsələ insanla insan kimi davranmaqdır.

- Novruz müəllim, siz bəstəkarlıq, idman sahəsi, deputatlıq, hətta energetika, humanitar və digər sahələrdə uğurlar əldə etmisiniz. Bəs ismayıllılar necə, əksəriyyəti bir sahədə qruplaşa bilibmi?

- Bu, etiraf etməli olduğumuz bir həqiqətdir – bizdə qruplaşmaq böyük problemdir. Bəzən insanlarla söhbət edəndə deyirəm ki, gəlin bir anlıq düşünək, kimlərimiz var, tanınmış şəxsiyyətlərimizi sayaq. Saymağa başlayırlar: Baba Vəziroğlu, Novruz Aslan, mərhum Musa Yaqub, Mirdamət Sadıqov... Sonra dayanırlar. Heç on nəfərə çatmırıq. Bu o qədər də ürəkaçan göstərici deyil. Çoxu artıq aramızda yoxdur. Deməli, yeni nəsil yetişdirməli, bu boşluğu doldurmalıyıq. Bizdə tanınmış, nüfuzlu iş adamları da azdır. Amma bu o demək deyil ki, potensial yoxdur, əksinə, var, sadəcə o potensialın dəstəklənməsinə ehtiyac duyulur. Məsələn, Gürcüstan azərbaycanlıları, Qərbi Azərbaycan, Naxçıvan və Qarabağ bölgələrinin insanları bir-birlərinə çox güclü dəstək verirlər. Bizim Şirvan bölgəsində isə bu hiss bir qədər zəifdir. Mən demirəm ki, bir-birimizə düşmənik, amma dəstək olmaq mədəniyyəti bizdə hələ istədiyimiz səviyyədə formalaşmayıb. Bu mövzu barədə danışanda həmişə deyirəm: Seyid Əzim Şirvanini, Mirzə Ələkbər Sabiri oxuyun, orada hər şey aydın yazılıb. Onlar Şirvan insanının xarakterini, düşüncə tərzini çox gözəl təsvir ediblər. Mənim son 20 ildə qarşıma qoyduğum əsas məqsəd bu vəziyyəti dəyişməkdir. Şükürlər olsun ki, artıq ciddi dönüş hiss olunur. 

Məsələn, İsmayıllı bu gün təkcə təbiəti ilə yox, həm də turizm potensialı ilə seçilir. İsmayıllı Rayon İcra Hakimiyyətinin hazırkı başçısı da bu sahədə çox savadlı, müasir düşüncəli mütəxəssisdir. O, rayonun inkişafına ağıllı yanaşma sərgiləyir. Biz birgə çalışırıq ki, İsmayıllını tanıdaq, turizmini inkişaf etdirək. Bunun üçün videoçarxlar hazırlayırıq, sosial mediada aktiv paylaşırıq. İndi İsmayıllı artıq fərqli simaya malikdir. Bizim əsas məqsədimiz bu potensialı daha da artırmaq, rayonu turizm və mədəniyyət baxımından Azərbaycanın parlayan bölgələrindən birinə çevirməkdir.

- İsmayıllıda doğulan, böyüyən gənclər bütövlükdə Azərbaycanı təmsil etmək gücünə malikdirlərmi?

- Onlar hamısı bizim qürurumuz, fəxrimizdir. Mən inanıram ki, İsmayıllını fərqləndirən ən böyük dəyər onun insan kapitalıdır. İsmayıllının brendi, əslində, təhsildir. Mən elə insanlar tanıyıram ki, uşaqlarının savadlı, mədəni və düşüncəli böyüməsi üçün şəhərdən onları İsmayıllıya repetitor yanına gətirirlər. Bu, çox şeyin göstəricisidir. Bizim uşaqlar istedadlıdır, çalışqandır və əminəm ki, onlar gələcəkdə Azərbaycanı layiqincə təmsil edəcəklər.

- Siz peşəkar idmançı olmaqla yanaşı, həm də məşhur bəstələriniz var. Seçiciləriniz bu sahələrdə sizə müraciət edibmi, bu sahədə ismayıllılara nə qədər dəstək olmusunuz?

- Bu gündə də İsmayıllı rayonun idmançılarına dəstək verirəm. Dəstək təkcə onları lazımi ləvazimatlarla təmin etmək deyil, həm də onlar hansısa səfərə, yarışa gedəndə imkan daxilində köməklik edirəm. O cümlədən yerli ictimai dəstəyə nail olmağa da çalışıram. Bizim İsmayıllıda imkanlı adamlar az olsa da, ziyalıları, vətənpərvər, aktiv insanları çoxdur. Onların müxtəlif sahələrə yönəlməsi üçün rayonumuzda müəyyən ənənələr formalaşdırmışam. Mənim təşəbbüsümlə iş adamlarımız da idmançılara, təhsil alan gənclərimizə kömək edirlər. Düşünürəm ki, İsmayıllının iş adamları daha çox olsaydı, biz daha çox uğur qazanardıq. Amma çox azdılar, barmaqla sayılası qədər. Yardım edəndə də deyirlər ki, bizim adımızı çəkməyin. Bu da onların nə qədər nəcib, və təvazökar olduqlarının göstəricisidir. 

Musiqiyə gəldikdə isə bizim Baba Vəziroğlu ilə birlikdə “İsmayıllı” adlı musiqi əsərimiz var. Bir çox yerli mədəniyyət işçilərimiz mənimlə, mən də onlarla fəxr edirəm. Mənim musiqilərimi öz repertuarlarında istifadə edirlər. Mədəniyyət və incəsənət insanı ruhən bir-birinə bağlayır. Mən adam tanıyıram ki, onun vaxtilə məndən xoşu gəlməyib, amma bəstələrimi dinləyəndən sonra fikri tamam dəyişib. O məni, mən də onu yenidən kəşf etmişik. Musiqini hiss edən insanlar tamam fərqli olur. 

- Rayonlara səfərləriniz zamanı yerli idmançılarla birgə məşqlər, musiqiçilərlə isə yaradıcılıq görüşləri keçirmisinizmi?

- Bəli, idmançılarla tez-tez görüşürəm, bəzən onlarla birlikdə məşq də etmişəm. Düzdür, mən özüm güləşçiyəm, amma onlarla güləşməmişəm. Daha çox stadionda birgə qaçışlar, gimnastik hərəkətlər edirik. Mən idmançılarla eyni ritmi tutmağı xoşlayıram. Həyatımda da onlara yer tapmışam və açıq deyim, İsmayıllıda ən yaxın dostlarım məhz idmançılardır.

Musiqi sahəsinə gəlincə, çalışıram ki, rayonumuzda keçirilən bütün mədəniyyət tədbirlərində iştirak edim. Bu sahəyə də öz töhfəmi verməyə çalışıram. Sevindirici haldır ki, İsmayıllının çox dəyərli mədəniyyət işçiləri var və onlar öz istedadları ilə təkcə rayonun yox, bütövlükdə Azərbaycanın mədəni həyatına böyük töhfələr verirlər.

- Azərbaycanın hər kəndinin özünəməxsus adət-ənənələri var. İsmayılının ənənələri içərisində sizin sevdiyiniz və sevmədikləriniz hansılardır?

- Açığı, İsmayıllının bütün adət-ənənələri mənim üçün dəyərlidir. İstər Novruz bayramı, istərsə də digər mərasimlər hamısı səmimiyyət, mehribanlıq və birliyə söykənir. İnsanlarımız o qədər canayaxın və safdırlar ki, hər bayramda rayonda sanki bir ailə mühiti yaranır. 

Amma bir məsələ var ki, mən onu zarafatla “İsmayıllının yeganə mənfi ənənəsi” adlandırıram. Bu da məmurlar arasında yayılan “baş üstə” problemidir. Məsələn, zəng edib bir məsələni xahiş edəndə cavab verirlər ki, “baş üstə, Novruz müəllim”, amma sonra unudurlar. Yəni “baş üstə” deyib məsələni bağlayırlar.

Mən həmişə deyirəm ki, İsmayıllıya yeni gələn icra başçıları ilk növbədə, bu “baş üstə” ənənəsindən özlərini qorumalıdırlar. Çünki söz vermək asandır, amma yerinə yetirmək məsuliyyət tələb edir. Bu istisna olmaqla, İsmayıllının bütün adət-ənənələri qüsursuzdur. Hər biri xalqımızın gözəl ruhunu, milli dəyərlərini əks etdirir.


- Toy, yas mərasimlərindən şikayətiniz yoxdur ki, onlar yeni müstəviyə keçə bilib?

- Əslində, toylarımız da, yaslarımız da xalqın düşüncə tərzini, mənəviyyatını göstərən ənənələrdir. Amma zaman dəyişdikcə, bu mərasimlərin də məzmunu dəyişməlidir. Mənim çox bəyəndiyim bir adət Basqalda və Qubada var. Orada kimsə rəhmətə gedəndə insanlar birbaşa qəbiristanlığa yığışır, mərhumu son mənzilə yola salırlar. Dəfn başa çatdıqdan sonra isə hamı gedib ev sahibinə başsağlığı verir və evinə dönür. Heç bir ehsan, uzun-uzadı yas süfrələri olmur. Məncə, bu həm mənəvi, həm də mədəni cəhətdən çox gözəl bir ənənədir. İsmayıllının bəzi kəndlərində də bu istiqamətdə dəyişikliklər müşahidə olunur. Əvvəllər yas mərasimləri daha çox israfla müşayiət olunurdu, amma indi çox yerdə bu hallar aradan qaldırılıb. İnsanlar artıq anlayırlar ki, mərhumun ruhunu yad etmək üçün sükut, dua və xeyirxah əməl kifayətdir.

Mən öz övladlarıma da açıq şəkildə demişəm: Mən bu dünyadan köçəndə ehsan verməyin. Onun əvəzinə ehtiyacı olan ailələrə, xəstələrə, uşaqlara yardım edin. Məncə, insan üçün ən böyük ehsan elə başqasına edilən yaxşılıqdır.

- İsmayıllıda xəstəxanalara müraciət etmisinizmi? Ümumilikdə, rayondakı həkimlərin peşəkarlığına, xəstəxanaların şəraitinə öz canınızı əmanət edəcək qədər inanırsınızmı? 

- Bəli, müraciət etmişəm. Mənim böyrəyimdə daş problemi var, bir dəfə İsmayıllıya səfərim zamanı kəskin ağrılar başladı və dərhal rayon xəstəxanasına getdim. Açığını deyim, həkimlərin peşəkarlığı, çevik reaksiyası və ümumiyyətlə, xəstəxananın şəraiti məni yaxşı mənada təəccübləndirdi. Lazımi tibbi müdaxilə vaxtında edildi və qısa zamanda özümü daha yaxşı hiss etdim.

Bu gün rayonlarımızda səhiyyə sahəsində çox ciddi irəliləyişlər var. Möhtərəm cənab Prezidentin diqqəti və siyasəti sayəsində bölgələrdə infrastruktur tamamilə yenilənib. İsmayıllıda müasir tələblərə cavab verən səhiyyə ocaqları, idman və olimpiya kompleksləri, həmçinin yeni təhsil müəssisələri fəaliyyət göstərir. Xüsusilə humanitar və texniki kollecin açılması da göstərir ki, dövlət bölgələrin sosial inkişafına, gənclərin peşə və təhsil imkanlarının genişlənməsinə çox böyük önəm verir. Bütün bunlar bir daha sübut edir ki, artıq rayonlarımızda da insanların öz sağlamlığını və gələcəyini etibar edə biləcəyi sistem formalaşıb.

- Rayonlarda əsasən qaz, işıq, su problemi qalmaqdadır. İsmayılllıda bu sahədə hansı işlər görülüb və əsas hədəfləriniz nələrdir?

- Bu məsələlər, təbii ki, hər bir bölgənin inkişafının əsas göstəricisidir. Hazırda hökumət qurumları ilə, xüsusilə də İqtisadiyyat Nazirliyi, "Azərişıq", "Azəriqaz" və digər əlaqədar təşkilatlarla bu istiqamətdə çox fəal müzakirələr aparırıq. İsmayıllıda 22 kənd var ki, onların qazlaşdırılması təcili şəkildə həyata keçirilməlidir. Dövlət qurumlarımız bu işdə bizə böyük dəstək göstərir və biz də çalışırıq ki, bu layihələri həm texniki, həm də ekoloji baxımdan yüksək səviyyədə icra edək. Əlbəttə, Aran bölgələrində vəziyyətdən çıxmaq nisbətən asandır, amma dağlıq yerlərdə həm relyef, həm də iqlim şəraiti müəyyən çətinliklər yaradır. Bununla yanaşı, son illər ekoloji tələblər daha da sərtləşib. Əvvəllər insanlar qış mövsümündə odun tədarükü ilə vəziyyəti yüngülləşdirirdilərsə, indi bu proses ciddi qaydalar çərçivəsində tənzimlənir. Bütün bunlar onu göstərir ki, biz bir tərəfdən infrastruktur layihələrini reallaşdırmalı, digər tərəfdən isə təbiəti qorumaq məsuliyyətimizi də unutmamalıyıq. Məqsədimiz İsmayıllının hər kəndini dayanıqlı enerji təminatı ilə əhatə etmək və insanların həyat keyfiyyətini daha da yaxşılaşdırmaqdır.


- Bizdə müəyyən deputatlar var ki, dəfələrlə seçki dairələrini dəyişiblər. Siz bu haqda düşünürsünüzmü?

- Açığı, bu barədə mən də düşünmüşəm. Hətta mənə dəfələrlə deyiblər ki, Bakıdakı seçki dairələri daha rahatdır, məsafə yaxın, imkanlar geniş və sair. Amma mənim üçün məsafə deyil, mənəvi bağlılıq daha vacibdir. İsmayıllı mənim üçün sadəcə bir seçki dairəsi deyil, həyatımın bir parçasıdır. Oradakı insanlar, o təbiət, o ruh mənə çox doğmadır. Ona görə də heç vaxt dairəmi dəyişmək üçün addım atmamışam. Oradakı insanların etimadı, sevgisi, inamı kifayət qədər dəyərlidir. Mən çox yaxşı anlayıram ki, bu dünyada heç nə əbədi deyil. Zaman gələcək mən də artıq millət vəkili olmayacağam, yerimi başqa bir gənc, başqa bir insan tutacaq. Amma mənim üçün əsas məsələ bu deyil. Mən istəyirəm ki, İsmayıllı sakinləri məni hər zaman yaxşı bir insan, sözünün, əməlinin arxasında dayanan biri kimi xatırlasınlar, - istər sağlığımda, istərsə də bu dünyadan köçəndən sonra. Mənim siyasətim və həyat fəlsəfəm də məhz budur.

- Milli Məclisdə icra başçısı ilə münasibəti yaxşı olan deputat tapmaq çətindir. Millət vəkilləri məsələni dilə gətirməsələr də, buna dəfələrlə şahid olmuşuq. Novruz Aslanın rayonun icra başçısı ilə münasibəti necədir?

- Mənim bu məsələdə heç vaxt problemim olmayıb. Əksinə, İsmayıllıya rəhbərlik etmiş bütün icra başçıları ilə münasibətlərim hər zaman çox yaxşı olub. Bunun əsas səbəbi də çox sadədir – mən heç vaxt icra başçılarından şəxsi marağımla bağlı nəsə istəməmişəm. Çünki problemlər məhz o zaman yaranır ki, münasibətlər şəxsi maraqlara söykənir. Mənim məqsədim hər zaman rayona, insanlara, ümumilikdə dövlətimizə faydalı olmaqdır. Biz bir komandayıq – deputat, icra başçısı, hüquq-mühafizə orqanları və digər dövlət strukturları eyni məqsədə, yəni xalqa xidmətə yönəlməlidir. Bəlkə də bu mənada mən o azsaylı deputatlardanam ki, həftənin 4-5 günü icra başçısı ilə bir araya gəlib rayonda həllini gözləyən məsələləri müzakirə edirəm. Biz bu münasibəti “kim haqlıdır?” prinsipi üzərində yox, “rayon üçün nə faydalıdır?” prinsipi üzərində qururuq. Düşünürəm ki, bu da uğurun əsas açarıdır.

- Rayonda yaşayan qohumlarınız varmı? Onların işlə təmin olunmasında hər hansı dəstəyiniz olubmu?

- Əlbəttə, qohumlarım var. Amma mən deputat seçiləndən bu məsələdə çox prinsipial olmuşam. Onlara açıq şəkildə demişəm ki, heç vaxt mənə işlə bağlı müraciət etməsinlər. Əgər hansısa tibbi, sosial və ya məişət yönümlü problem olarsa, əlbəttə, bir qohum, bir dost kimi kömək edirəm. Amma heç zaman İcra hakimiyyətinə zəng edib, “filankəsi işə götürün, o mənim qohumumdur” deməmişəm və demərəm də. Hətta bələdiyyənin 15 üzvündən biri belə mənim qohumum deyil. Mən 2005-ci ildə deputat seçiləndə özümə söz vermişdim ki, İsmayıllıda şəxsi maraq güdməyəcəyəm. Mənim məqsədim bu rayonun insanlarına xidmət etmək, onlara faydalı olmaqdır. Bu prinsip deputatlıq fəaliyyətimin əsas fəlsəfəsidir.

- Sizin qohumunuzdur deyə işləməməlidirlər?

- Xeyr, əlbəttə ki, işləməlidirlər. Hər bir insanın əmək fəaliyyəti, dolanışığı olmalıdır. Sadəcə mənim üçün prinsip odur ki, heç kim məndən xahiş etməsin ki, onu hansısa yüksək vəzifəyə düzəldim. Mən bunu hətta ailəmə də demişəm: Məndən iş istəməyin, istəsəniz də, bu yolla yox.

İcra başçısına da zəng edib soruşa bilərsiniz. Mən heç vaxt qohumumun işi ilə bağlı onlardan nəsə xahiş etməmişəm. Bizim bütün söhbətlərimiz rayondakı problemlər, seçicilərin müraciətləri ilə bağlı olub. Əlbəttə, şəxsi məsələlərdə kömək lazım olanda, onu özüm həll etməyə çalışıram. Düşünürəm ki, insan gərək öz gücünə arxalansın. Ona görə də hesab edirəm ki, vəzifə istəyi yox, əməli fəaliyyət və dürüstlük insanın kimliyini müəyyənləşdirir.


- İsmayıllının mətbəxində xüsusilə ön plana çəkəcəyiniz, sizin çox xoşladığınız yemək hansıdır?

- Pip dolması, Başqal halvası, Lahıc halvası. Bizim ləzgi yeməklərimiz də var. Ümumilikdə mətbəximizə aid bütün yeməklər dadlıdır.

- 4 övladınız var. Onlar hazırda hansı fəaliyyətlərlə məşğuldurlar və gələcəkdə İsmayıllıda işləmək haqqında düşünürlərmi?

- Bir oğlum, üç qızım var. Oğlum ən balacasıdır, hazırda əsgərdir. Ortancıl qızım xaricdə yaşayır, orada öz fəaliyyətini qurub. Böyük qızım Gülnur Aslan isə yaradıcılıqla məşğuldur. Onun bir sıra kitabları çap olunub, şeirləri oxucular tərəfindən maraqla qarşılanır. Bəzən onun yazdığı şeirlərə mən də musiqi bəstələyirəm. Beləcə, aramızda bir ata-bala yaradıcılıq əməkdaşlığı yaranıb. Deyə bilərəm ki, yaradıcılıq ruhu ona babasından - Davud Aslandan keçib, amma ailədə musiqiçi yalnız mənəm. Kiçik qızım isə ev xanımıdır. Onların hər biri öz yolunu tapıb, amma harada olsalar da, doğma İsmayıllıya bağlılıqları böyükdür. Mən hər dəfə rayondan qayıdanda soruşurlar ki, ordakı insanların vəziyyəti necədir.

- Vurğuladınız ki, ailədə tək musiqiçi sizsiniz. Musiqi sizin üçün nəyi ifadə edir?

- Musiqi mənim üçün sadəcə bir sənət növü deyil, həyatımın ayrılmaz bir parçasıdır, demək olar, mənim həyat tərzimdir. İlk musiqi layihələrimi ənənəvi olaraq cənab Prezidentə təqdim edirəm, bu, artıq illərdir davam edən bir qaydadır. Əlbəttə, musiqidə sevgi və məhəbbət mövzusu əbədidir, lakin mən daha çox sosial məzmunlu əsərlərə üstünlük verirəm. Məsələn, mərhum millət vəkili Hadı Rəcəbli ilə birgə “Yaşlıları unutmayaq” layihəsini hazırlamışdıq. Həm məzmununa, həm də ideyasına görə çox dəyərli bir iş idi. Hazırda gənclik illərimdən qalan yüzlərlə bəstəm var. Əgər bu gündən sonra 50 il ərzində yeni bir əsər yazmasam belə, həmin arxiv mənə kifayət edər. Amma o əsərlər bugünkü dövrün ritmi ilə tam uzlaşmır, çünki zaman dəyişir. Bu gün musiqidə əsas diqqət ritmə yönəlib, halbuki həqiqi musiqi insanı düşündürməli, tərbiyə etməli və ruhuna toxunmalıdır. Mənim yaradıcılıq prinsipim budur. Çalışıram ki, heç bir bəstəm başqasının əsərinə bənzəməsin. Orijinallıq mənim üçün ən vacib dəyərdir.

- Novruz müəllim, siz Mədəniyyət komitəsinin də üzvüsünüz. Mədəniyyət Nazirliyin fəaliyyətini, komitə ilə iş prosesini necə qiymətləndirirsiniz?

- Mədəniyyət və incəsənət sahələrinin inkişafından danışarkən, ilk növbədə Mədəniyyət Nazirliyinin və Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Fondun bu sahəyə verdiyi töhfə, xüsusilə Mehriban xanım Əliyevanın bu sahədə əməyi əvəzsizdir. İstər muğam müsabiqələrinin təşkili, istərsə də Azərbaycanın mədəni irsinin UNESCO səviyyəsində tanıdılması kimi təşəbbüslər milli mədəniyyətimizin beynəlxalq nüfuzunu gücləndirir.

Mədəniyyət Nazirliyinə gəlincə, mən nazir Adil Kərimlinin komitə iclasına gələrək “Biz artıq 30 illik mədəniyyət strategiyası hazırlamışıq” deməsini çox yüksək qiymətləndirirəm. Açığı, bu yanaşma məni xoş mənada təəccübləndirdi. Bu o deməkdir ki, biz artıq 30 il sonrakı Azərbaycan mədəniyyətinin inkişaf istiqamətlərini düşünürük. Mədəniyyət insan üçün ən əsas dəyərdir. O bizi digər canlılardan fərqləndirən mənəvi ölçüdür. Bu baxımdan, mədəniyyət sahəsinə xüsusi diqqət və davamlı dövlət siyasəti olduqca vacibdir. Məni sevindirən əsas məqam odur ki, Mədəniyyət Nazirliyi ilə parlament komitəsi arasında çox sıx əməkdaşlıq mövcuddur. Adil müəllim şəxsən iclaslarda iştirak edir, müzakirələrdə aktiv olur. Son iclaslarımızda biz “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Kitabxana işi haqqında” və “Muzeylər haqqında” qanun layihələrini müzakirə etmişik. Bu, mədəniyyət sahəsində normativ bazanın möhkəmləndirilməsi baxımından çox önəmlidir.


- Siz həm də uzun illərdir, Azərbaycan Qızıl Aypara Cəmiyyətinə rəhbərlik edirsiniz. Bu fəaliyyətinizin əsas prinsipləri nədən ibarətdir?

- Mən 1999-ci ildən bu günə qədər Azərbaycan Qızıl Aypara Cəmiyyətində könüllü əsaslarla fəaliyyət göstərirəm. Rəhbər olsam da, heç bir məvacib almıram və bu, MDB ölkələri arasında yalnız Azərbaycana xas olan bir haldır. Bizim fəaliyyətimizin əsas tərəfdaşları Beynəlxalq Qızıl Xaç Komitəsi, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası və milli cəmiyyətlərdir. 1997-ci ildə imzalanmış Sevilya Anlaşmasına əsasən, hərəkatın üç komponenti arasında mandat bölgüsü aparılıb. Müharibə və silahlı münaqişələr zamanı mandat Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsusdur. Biz onların, onlar da bizim fəaliyyətimizə qarışmır. Onların Azərbaycandakı missiyasını başa vuraraq ölkədən getməsinin səbəbi də məhz fəaliyyətlərinin tamamlanması idi.

Doğrudur, bəzi hallarda onların “neytral qalmaq” cəhdləri bizim tərəfdən birmənalı qarşılanmırdı. Amma bu, əməkdaşlığımıza mane olmadı. Hazırda Beynəlxalq Federasiyanın Azərbaycandakı fəaliyyəti davam edir. Onlar, əsasən, fövqəladə hallar zamanı milli cəmiyyətlərə dəstək göstərir və bizim humanitar hərəkatın vacib tərkib hissəsidir.

Bu gün qarşıya qoyduğumuz əsas məqsəd işğaldan azad olunmuş ərazilərdə Qızıl Ayparanın bölmələrini yaratmaq, onları ofislərlə təmin etmək və inkişafını zəmin yaratmaqdır. Artıq Xankəndidə filialımız fəaliyyət göstərir. 

Türk Dövlətləri Təşkilatı yarandıqdan sonra humanitar tərəfdaşlığın formalaşması üçün Qırmızı Şəbəkə təsis edildi. Bu şəbəkəyə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan daxildir, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti və Macarıstan isə müşahidəçi qismində iştirak edir. Noyabrın 19-21-də təşkilata daxil olan milli cəmiyyətlərin rəbər heyətinin növbəti görüşü Bakıda keçiriləcək. Əvvəlki toplantı isə keçən il Bişkekdə idi, növbəti isə İstanbulda olacaq.

Qürurla deyə bilərəm ki, biz MDB məkanında yeganə donor ölkəyik. Belə ki, Nepal, Suriya, Türkiyə, İran, Moldova və digər ölkələrə humanitar yardımlar göstərmişik. 2000-ci ildən etibarən Qızıl Aypara Cəmiyyətində açıq mühasibatlıq sistemi tətbiq olunur. İstənilən şəxs mühasibatlığa müraciət edib sənədlərlə tanış ola bilər. Bizim fəaliyyətimiz tam şəffafdır. Mühasibatlıqda bir manat belə artıq vəsait yoxdur, bütün resurslar xeyriyyə və tərəfdaş layihələr hesabına formalaşır. Məsələn, Türkiyədə baş vermiş zəlzələ zamanı yarım milyona yaxın vəsait topladıq. Bu, bəlkə də, Türkiyə Qızıl Ayparasının bir günlük xərcinə bərabər idi, amma bizim üçün böyük nəticə idi. Düşünürəm ki, bu düşüncə tərzi və sistemin fərqliliyindədir. Azərbaycanda həm də Fövqəladə Hallar Nazirliyi çox aktiv fəaliyyət göstərdiyinə görə, Qızıl Aypara Cəmiyyəti yardımçı və koordinasiyaedici qüvvə rolunda çıxış edir.

2 saata yaxın davam edən müsahibəmizin sonunda Novruz Aslanla danışa biləcəyimiz hələ çox mövzunun olduğunu düşünərək binadan ayrıldıq. 

.