ABŞ-nin sabiq prezidenti Barak Obama və xanımı Mişel Obama "Netflix" yayım platforması olan ilə mövcud əməkdaşlıq müqaviləsini uzatmağı planlaşdırmırlar.
Bu barədə "Deadline" portalı məlumat yayıb.
Cütlük 2018-ci ildən bəri "Netflix"lə birgə layihələr hazırlayan "Higher Ground Productions" prodüser şirkətinin sahibidir. Obamanın Filadelfiyada keçirilən "History Channel" tədbirindəki çıxışından sitat gətirən nəşr yazır:
"Netflix"lə tərəfdaşlığımız var idi. İndi isə bir neçə fərqli müstəqil studiya ilə çalışa biləcəyimiz daha sərbəst bir gələcəyə keçid mərhələsindəyik".
Mənbə qeyd edib ki, "Netflix"lə müqavilənin müddəti 2026-cı ildə başa çatır. Bununla belə, "Higher Ground Productions" artıq razılaşdırılmış layihələr çərçivəsində platforma ilə əməkdaşlığı davam etdirəcək.
Xatırladaq ki, 2018-ci ildə "Netflix" və "Higher Ground Productions" arasında imzalanmış ilkin razılaşma eksklüziv mahiyyət daşıyırdı - ortaq şəkildə ərsəyə gətirilən layihələrə yalnız bu platformanın abunəçiləri baxa bilərdilər. 2024-cü ildə müqavilə şərtləri yenilənib və o vaxtdan etibarən "Netflix" layihələrə yalnız ilk nümayiş hüququna malikdir.
Qeyd edək ki, tərəflərin birgə layihələri bir çox nüfuzlu "Oskar" və "Emmi" mükafatlarına namizəd olub və təltif edilib. Onların arasında "Amerika fabriki" sənədli filmi, "Dünyanı arxada qoy" bədii filmi və vəhşi təbiətə həsr olunmuş bir sıra sənədli ekran işləri xüsusilə populyardır.
.
