İsrail Müdafiə Ordusu ölkədə təhlükəsizliklə bağlı vəziyyət tam normallaşana qədər Livanın cənub hissəsini tərk etməyəcək.

"Ynet" portalı xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.

"Biz Livanın cənubunda təhlükəsizlik zolağını qoruyub saxlamalıyıq və nə qədər ki, İsrailin təhlükəsizlik sahəsindəki vəziyyət bunu tələb edir, oranı tərk etməyəcəyik", - o bildirib.

İsrailin Baş naziri həmçinin ABŞ və İran arasında imzalanmış anlaşma memorandumunu da şərh edib: "Biz öz məqsədimizə sadiq qalmağa davam edəcəyik: İranın nüvə silahı olmayacaq".

Qeyd edək ki, iyunun 18-də ABŞ və İran arasında imzalanmış memorandum Vaşinqton və Tehran arasında hərtərəfli razılaşmanın hazırlanması üçün 60 günlük danışıqlar prosesinin başlanmasını nəzərdə tutur. Sənəddə həmçinin tərəflər arasında gərginliyin azaldılması, İranın nüvə proqramının müzakirəsi, sanksiya rejiminin mərhələli şəkildə yumşaldılması və Hörmüz boğazında gəmiçilik təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müddəalar yer alır.

.