
İsrailin Baş naziri Bimyamin Netanyahu avstraliyalı həmkarı Entoni Albanezeni İsrail-Fələstin münaqişəsi ilə bağlı mövqeyinə görə tənqid edib.
Netanyahu Avstraliya hökumətinin başçısını zəif siyasətçi adlandırıb.
“Tarix Albanezeni İsrailə xəyanət edən və Avstraliya yəhudilərini atan zəif siyasətçi kimi xatırlayacaq”, - Netanyahu “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
İsrail KİV qeyd edir ki, son aylarda Avstraliyada sayı 120 min olan yəhudilər sinaqoqların, məktəblərin və evlərin yandırılmasının qurbanı olublar. Bundan əlavə, iki tibb bacısı bir xəstəxanada israilli xəstələri öldürməklə hədələyib, səlahiyyətlilər isə yəhudi müəssisəsində kütləvi qətlə səbəb olacağı iddia edilən partlayıcılarla dolu qoşqu aşkarlayıblar.
Netanyahu bu sözləri Avstraliyanın İsrailin keçmiş ədliyyə naziri Ayelet Şaked və israilyönlü fəal Hillel Fuld, eləcə də Knessetin deputatı Simha Rotmanın ölkəyə girişini qadağan etməsindən sonra iki ölkə arasında diplomatik münasibətlərin gərginləşdiyi məqamda deyib. Bundan əlavə, rəsmi Kanberra sentyabrda BMT Baş Assambleyasında Fələstin dövlətini tanıyacağını açıqlayıb.
Buna cavab olaraq İsrailin xarici işlər naziri Gideon Saar Fələstin muxtariyyətində Avstraliya diplomatik nümayəndələri üçün vizaların ləğv ediləcəyini açıqlayıb.
.