Azərbaycanda məktəbli geyimi ətrafında aparılan müzakirələr cəmiyyətdə müxtəlif fikirlərin səslənməsinə səbəb olub. Məsələ ilə bağlı Yeni Zaman Partiyasının sədri Musa Ağayev Yeni Zaman Az saytına açıqlamasında bildirib ki, bu məsələyə yanaşarkən emosiyalara deyil, qanunvericiliyə və hüquqi prinsiplərə əsaslanmaq lazımdır.
Musa Ağayev qeyd edib ki, Azərbaycanda hicab və niqaba ölkə üzrə ümumi qadağanın olması ilə dövlət ümumi təhsil müəssisələrində vahid geyim qaydalarının tətbiqi fərqli məsələlərdir. Məktəblərdə geyim tələblərinin mövcudluğu bütün vətəndaşların dini geyim hüququnun məhdudlaşdırılması kimi təqdim edilməməlidir.
Partiya sədri vurğulayıb ki, Azərbaycan dünyəvi dövlətdir və bu prinsip təhsil sisteminin təşkilində də öz əksini tapır. Lakin dünyəvilik dini dəyərlərin inkarı və ya insanların dini etiqadına hörmətsizlik demək deyil. Konstitusiyanın 48-ci maddəsi hər kəsin vicdan azadlığını, dinə münasibətini müstəqil müəyyənləşdirmək hüququnu təsbit edir.
Musa Ağayevin fikrincə, məktəblərdə vahid geyim qaydalarının tətbiqi zamanı həm təhsil mühitinin xüsusiyyətləri, həm də vətəndaşların hüquq və azadlıqları nəzərə alınmalıdır. Qaydalar aydın olmalı, qanunvericiliyə uyğun şəkildə və ayrı-seçkiliyə yol verilmədən tətbiq edilməlidir.
O, həmçinin hesab edir ki, məktəbli geyimi məsələsi cəmiyyətdə dini qarşıdurma yaratmaq üçün istifadə olunmamalıdır. Bu mövzuda fikir ayrılıqlarının qarşılıqlı ittihamlarla deyil, hüquqi normalara və sağlam ictimai müzakirəyə əsaslanaraq həll edilməsi vacibdir.
Musa Ağayev qeyd edib ki, əsas məqsəd uşaqların keyfiyyətli təhsil alması, məktəblərdə sağlam sosial mühitin qorunması və şagirdlər arasında qarşılıqlı hörmətin möhkəmləndirilməsi olmalıdır. Bu məqsədlərə nail olmaq üçün dövlətin dünyəvilik prinsipi ilə vətəndaşların konstitusion hüquqları arasında hüquqi tarazlıq qorunur
.
