Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstan Respublikasına səfər edib.

Bu barədə  Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən xəbər verilib.

Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədri Nurlan Abdirovun dəvətinə əsasən reallaşdırılan səfərin başlıca məqsədi avqustun 23-də bu ölkədə keçiriləcək növbədənkənar parlament seçkilərini beynəlxalq müşahidəçi qismində izləməkdir. MSK təmsilçilərinin səsvermə gününədək ümumi hazırlıq prosesi və seçki komissiyalarının fəaliyyəti ilə tanış olması, habelə seçki günü paytaxt Astana şəhərində yerləşən məntəqələrdə səsvermə prosedurlarını müşahidə etməsi nəzərdə tutulur.

Nümayəndə heyəti avqustun 22-də Astanada keçiriləcək Türk Dövlətləri Təşkilatına üzv ölkələrin ali seçki qurumlarının Məşvərət Platformasının iclasında da iştirak edəcək. İclas zamanı seçki administrasiyaları arasında davamlı dialoq və əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf istiqamətləri, seçki idarəçiliyi sahəsində qabaqcıl təcrübələrin mübadiləsi, institusional əlaqələrin gücləndirilməsi və digər məsələlər müzakirə olunacaq.

Səfər çərçivəsində MSK sədrinin Qazaxıstanlı həmkarı ilə yanaşı, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin seçki idarəetmə orqanlarının və seçkilərin müşahidəsinə qatılan beynəlxalq təşkilatların rəhbərləri, həmçinin digər rəsmi şəxslərlə görüşləri də planlaşdırılır. Görüşlərdə qurumlararası əlaqələrin daha da dərinləşdirilməsi perspektivləri, seçkilərlə bağlı müxtəlif sahələr üzrə yeni əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran məsələlər müzakirə ediləcək.

Qeyd etmək lazımdır ki, MSK-nın təmsilçiləri Qazaxıstan Respublikasında keçirilən növbədənkənar parlament seçkilərini Türk Dövlətləri Təşkilatı, Türk Dövlətləri Parlament Assambleyası, ATƏT/DTİHB və Müstəqil Dövlətlər Birliyinin beynəlxalq müşahidə missiyalarının tərkibində də izləyirlər.

.