Rusiya və Qazaxıstanın Rəqəmsal İnkişaf nazirlikləri, "Rostelecom" və "Kazakhtelecom" Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsi üzrə birgə layihənin həyata keçirilməsi imkanlarını müzakirə edir.
"İnterfaks" verdiyi məlumata görə, bu barədə Rusiyanın rəqəmsal inkişaf naziri Maksut Şadayev III Xəzər Rəqəmsal Forumunda bildirib.
"Biz indi aktiv şəkildə qazaxıstanlı həmkarlarımız, eləcə də "Kazakhtelecom" və "Rostelecom" ilə birlikdə kabel xəttinin çəkilməsi imkanlarını müzakirə edirik. Regionlarımız ilə Ermənistan, İran və Qazaxıstan arasında birbaşa əlaqəni təmin etmək üçün Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsi imkanlarının müzakirəsinə qayıtdıq. İndi belə bir birgə layihəni müzakirə edirik", - nazir bildirib.
Onun sözlərinə görə, bu layihə bütün Xəzəryanı dövlətlərin rəqəmsallaşmasına əlavə təkan verə bilər.
Hazırda Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsi layihəsini Qazaxıstan və Azərbaycan həyata keçirirlər.
Ölkələr kabel xəttinin çəkilməsini 2027-ci ilə qədər başa çatdırmağı planlaşdırırlar.
Sualtı fiber-optik rabitə xətti Aktau-Sumqayıt marşrutu üzrə keçəcək. Maksimum ötürmə qabiliyyəti saniyədə 400 Tbit-ə çatacaq. Kabel xəttinin uzunluğu 380 km təşkil edəcək.
