O, ixtisasca rəssamdır. Düz 16 ildir qəbir daşları üzərində rəsm  çəkir. Söhbət rəssam Elman Baxşıyevdən gedir. Sənətinə olan marağından danışır müsahibim. Deyir ki, hələ kiçik yaşlarından rəsmə marağı olub, valideynləri də onun bu sənətə olan sevgisinə biganə qalmayıblar. Elman Baxşıyev hazırda özünə məxsus emalatxanada çalışır.

Daş üzərində nələrsə çəkməyə uşaq vaxtından həvəs göstərib. 18 yaşından müəllim yanına gedərək, bu işi peşəkarcasına öyrənib. Elman usta  bildirir ki, düzəltdiyi məzar daşlarının sayı-hesabı yoxdur. Prosesə gəlincə, məzar daşı hazırlanarkən əvvəlcə şəkil böyüdülür. Altına qara kağız qoyularaq daşın üzərinə iz salınır. Sonra həmin izlər tabaşirlə ağardılır. Elman Baxşıyev deyir ki, gördüyü iş çətin olsa da, həvəslə işləyir:

 

"Həmişə düşünürəm ki, emalatxanaya gələn hər kəs mənim gördüyüm işi barmaqla göstərməlidir. Onun üçün işimi maraqla, həvəslə yerinə yetirirəm. Elə məzar daşı olur ki, üzərində 4 ay çalışıram. İşə başlayanda həmişə özümə ilk sözüm o olur ki, gərək daşı elə düzəldəm ki, adıma layiq olsun. Məzar daşlarına həkk etdiyim bütün əl işlərim mənim üçün maraqlıdır”.

Usta deyir ki, bu sənətin digərlərindən fərqi odur ki, bura gələn dərdini də götürüb özü ilə gətirir:

"Hər işin çətin tərəfləri var. Daim hüzr içində olan insanlarla işləməyin də öz çətinliyi var. Onların qəminə şərik olmaq, ovutmaq , onlarla birlikdə bəzən qəhərlənib ağlamaq, bacardıqca onlara səbirlə yanaşmaq da kimi çətinliklər var bu işdə. Bilirsiniz, bəzən əzizini itirən adam ağılını da onunla birgə itirir. Uzun müddət bu ölümlə barışmırlar. Mənim gördüyüm iş mərhumlar üçün yaxınları tərəfindən görülən son işdir. Yəni dünyasını dəyişən insanlar qarşısında son borc da demək olar buna. Ona görə də insanlar burada maksimum imkanlarından istifadə etməyə çalışırlar. Hər şeyin yaxşısını da bizdən tələb edirlər”.

Elman usta deyir ki, Azərbaycanda qəbir daşlarının ən ucuzu 200 manata, ən bahalı isə bir neçə min manata başa gəlir. Bu məqsədlə hətta Hindistan, Ukrayna və Çindən bahalı daşlar gətirilir. Qiyməti də məhz gətirildiyi ölkəyə görə müəyyən edilir. Ən bahalı daşlar Ukraynadan gətirilənlərdir. Adi qəbir daşları 200 manatdan yuxarı, qara mərmərdən hazırlanan baş daşları isə 800 manatdan başlayaraq 5-7 min manatadək yüksələ bilir.

SİNXRON "Daşlar yerli də olur, Daşkəsənin də olur, Bakının da. Xaricdən də gətirilir. Qranit yataqları olsa da, onlardan istifadə olmur.  Ukraynada, İrandan, Afrikadan, İtaliya kimi ölkələrdən daşlar gətirilir. Adi məzar daşlarının qiyməti 150-300 manatdan başlayır. Keyfiyyətinə, sıxlığına, gözəlliyinə, rənginə görə fərqlənir. Ən bahalı daş qırmızı daşdır”.

Elman Baxşıyevin sözlərinə görə, başdaşının hansı mərmərdən hazırlanması da qiymətə təsir edir. Qiymətlərə daşın üzərinə çəkilən şəkil, yazı və daşın quraşdırılması da  daxildir. Şəkil və əl işləri də  qiymətə təsir edən əsas amildir. Sadə və ağ-qara şəkillə ərsəyə gələn daşla, işləməli və rəngli şəkilli daşlar arasında 150-200 manat fərq olur. Şəkillər daşların üzərinə xüsusi metod və alətlərlə çəkilir. Çəkilən şəkillər daşın xüsusiyyətinə görə dəyişir.

SİNXRON - "Bizim gördüyümüz işlər əvvəl ki, illərlə nisbətdə elə eynidir. 10 illə müqayisədə nə formada, nə də məzmunda elə bir dəyişiklik yoxdur. Biz bir az da şablon sevərik desəm daha doğru olar. Nə gördük onu da istəyirik. İndi daha çox daşların balaca olması istənilir bizdən. Əvvəllər daşın böyük həcmdə olması tələb olunurdu, indi tam əksinə. Bu, maddi imkanlarla bağlı deyil. Çünki qiymətdə cüzi fərq olur. Sadəcə indi anlayırlar ki, daşın həcminin böyük olması heç nəyi həll etmir".

Mərmərin üzərinə şeir yazılması pulu bir az bahalaşdırır. Həmçinin mərhumun qara mərmərə şəklinin qismən rəngli və rəngsiz vurulması da baş daşının qiymətinə təsir edir. Bəzi insanlar qiymətlərə görə sağlığında özünə qəbir daşı sifariş verir. Bundan başqa qəbir daşlarının dəbi də dəyişib. Məsələn əvvəllər böyük ölçülü daşlara üstünlük verilirdisə, indi belə deyil. Üstəlik qara mərmərdən xeyli ucuz olan adi ağ daşlara da tələbat artıb.

SİNXRON - "Bu gün yerli daşlara tələbat elə xaricdən gətirilən daşlarla eynidir. demək olar ki, yarıbayarıdır".

Elman Baxşıyevin də bahalı qəbir daşlarının ləğv edilməsi ilə bağlı söhbətlərdən xəbərinin olub-olmadığını soruşduq. O, gəzən söhbətlərdən xəbərdar olduğunu bildirir:

SİNXRON " Bəli, bu məsələnin razı olduğum tərəfləri də var, narazı olduğum tərəfləri də. İndi sovet psixologiyasından əl çəkmək vaxtıdır, nəyəsə məcbur etmək düz deyil. Bu təkcə qəbiristanlıqların forması üçün yox, adi geyimə də aiddir. Hər şey fərqli olmalıdır. Standartın tətbiq olunması bir tərəfdən ona görə yaxşıdır ki, insanlar bilir ki, müəyyən olunmuş qayda var və buna əməl edilməlidir. Mənfi tərəfi isə ondan ibarətdir ki, insanları şəxsi təşəbbüsdən çəkindirirlər".

Emalatxananın yerində müxtəlif məzar daşları var. Divarlara məzar daşına həkk edilən şeirlər yazılıb.

 

"Bu işin mənəvi tərəfləri də var. Əzizini itirən insan emosional olur. Bəzən bu emosiyalarını bizə büruzə verirlər. O insanların qəmini onunla birgə çəkmək də çətindir. Bəziləri kobud danışır, bəziləri lap özlərindən çıxır. Hansısa bir ataya onun oğlunun daşa döyülmüş şəklini təqdim etməyə ürək lazımdır".

Bir məzar daşının hazırlanmasına 10 nəfərin əmək sərf elədiyini bildirən emalatxana sahibi əlavə edir ki, hər adamın öz işi var. Daşların çəkisi 200 kiloqramdan 1 tona kimi olur. İlk əvvəl  daş yonulur, üzlük vurulur, rəssam işini bitirir, sonda yazılar yazılır. Bundan başqa, daşın müştəriyə çatdırılması işini görənlər də var. Çatdırılma və quraşdırma isə pulsuzdur. 


.