
MDB-də cinayətkarlığa qarşı mübarizədə vahid mərkəzin yaradılması təklif olunur.
Bunu MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının icraçı katibi Yuri Jdanov Laçında keçirilən “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, müasir dövr həm cəmiyyətin, həm də prokurorluq orqanlarının qarşısında yeni çağırışlar gətirir:
"Narkotik vasitələrin qanunsuz dövriyyəsi, qaçaqmalçılıq, mülkiyyət hüquqları sahəsində pozuntular – bütün bunlar dövrün çağırışlarıdır və prokurorluq bu təhlükəli təzahürlərlə mübarizənin ön cəbhəsində dayanır".
Y.Jdanov kiberməkanda baş verən cinayətkarlıqla mübarizənin vacibliyini də xüsusilə vurğulayıb:
"Kibercinayətkarlıq inkişaf etmiş ölkələrdən inkişaf etməkdə olan ölkələrə qədər demək olar ki, bütün dövlətlərin bəlasına çevrilmişdir, vətəndaşlardan – ən zənginindən ən kasıbına qədər, onun hədəfi isə maddi vəziyyətindən asılı olmayan bütün vətəndaşlar, həmçinin korporasiyalar və hətta bütöv dövlətlərdir. Biz hamımız kibercinayətkarlarla mübarizə sahəsində uğurlu təcrübələrin, məlumatların mübadiləsi, MDB-yə üzv dövlətlərin prokurorluq əməkdaşlarının qarşılıqlı ixtisas artırması istiqamətində səylərimizi birləşdirməliyik".
.