"Macarıstan dənizə çıxışı olmayan bir dövlət kimi enerji təchizatında, o cümlədən bu sahəyə lazımi sərmayələri yatırmaq məsələsində qonşu və digər tranzit ölkələrdən çox asılıdır".

Bunu Azərbaycanda səfərdə olan Macarıstanın ticarət və xarici işlər naziri Peter Siyarto Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasında çıxışı zamanı deyib.

O, hökumətinin enerji təchizatına həmişə siyasi və ya ideoloji deyil, fiziki bir məsələ kimi baxdığını qeyd edib: “Enerji təhlükəsizliyi bizim üçün milli təhlükəsizlik məsələsidir və hökumət indiyə qədər etdiyi kimi bu sahəyə hər hansı müdaxilə cəhdini qətiyyətlə rədd etməyə davam edəcək”.

Nazir Siyarto Macarıstanın enerji təchizatının bu gün də təhlükəsiz olduğuna inandığını deyərək, bunun "böyük ölçüdə hələ də yüz faiz gücü ilə işləyən “Türk axını” qaz kəməri" ilə bağlı olduğunu vurğulayıb.

O, bəzi şəxslərin bir zamanlar kəmərin çəkilməsinə mane olmağa çalışaraq sanksiya hədələri etdiyini, lakin layihənin iştirakçı ölkələrin cəsarətli qərarları sayəsində reallaşdığını xatırladıb.

“Əgər biz bu kəməri çəkməsəydik, bu gün çox ciddi problemlərlə üzləşərdik”, Siyarto vurğulayıb.

Siyarto: Ən real ssenari Mərkəzi Avropaya çatdırılacaq Azərbaycan qazının hasilatını artırmaqdır

Diversifikasiyanın sadəcə xəyal olaraq qalmaması üçün Avropa Komissiyası da öz tapşırıqlarını yerinə yetirməli və Cənub-Şərqi Avropada lazımi infrastrukturun inkişafına dəstək verməlidir.

Bunu Macarıstanın ticarət və xarici işlər naziri Peter Siyarto Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasında çıxışı zamanı deyib.

Eyni zamanda, P. Siyarto qeyd edib ki, bunun müəyyən ilkin infrastruktur şərtləri var: “Trans-Anadolu qaz-boru kəmərinin ötürmə qabiliyyətinin artırılması yaxşı xəbər olsa da, Cənub-Şərqi Avropada da mühüm şəbəkə inkişafı proqramları həyata keçirilməlidir. Buna görə də Macarıstan, Bolqarıstan, Rumıniya və Slovakiya Avropa Komissiyasına müraciət edib ki, məsələyə prioritet kimi yanaşılsın və Mərkəzi Avropa regionunun enerji təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan tədbirlər dəstəklənsin. Əgər Avropa İttifaqı diversifikasiyadan təkcə siyasi kommunikasiya vasitəsi kimi istifadə etmirsə, o zaman Brüsselin Cənub-Şərqi Avropada lazımi infrastruktur inkişaflarını hərəkətə keçirmək və maliyyələşdirmək, beləliklə, Azərbaycandan artan qaz hasilatının cəlb olunmasına imkan yaratmaq vaxtıdır".

Nazir bu həftə Macarıstan və Azərbaycan arasında təbii qaz üzrə anlaşma memorandumunun imzalandığını xatırladaraq vurğulayıb ki, ən real ssenari Avropanın mərkəzi hissəsinə çatdırılacaq Azərbaycan qazının hasilatını artırmaqdır.

.