Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu panel sessiyalarla davam edib. Növbəti sessiya çərçivəsində dövlət qurumlarının rəhbər şəxsləri, beynəlxalq ekspertlər və aparıcı şirkət rəhbərləri kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən tədbirlər, tətbiq edilən innovativ həllər və əldə olunmuş nəticələr, aqrobiznes və qida sənayesinə investisiya imkanları, dövlət-özəl tərəfdaşlığı ilə bağlı müzakirələr aparıblar.

Forumun 2-ci günündə “Kənd təsərrüfatı və qida sənayesində təhsilin rolu” mövzusuna həsr olunmuş panel sessiyada çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar, kənd təsərrüfatının əsas inkişaf istiqamətləri, aqrar sahədə innovasiyaların tətbiqi, aqrar sektora dövlət dəstəyi barədə tədbir iştirakçılarına məlumat verib.

M.Məmmədov bildirib ki, Azərbaycanın bütün dövlətlərlə yüksək səviyyədə əlaqələri, müasir nəqliyyat infrastrukturu, zəngin enerji resursları, iqlim şəraiti və əlverişli investisiya mühiti ölkəmizdə biznes icmalarının uğurlu fəaliyyəti üçün əhəmiyyətli üstünlüklər yaradır. Azərbaycanın aqrar sektorda tədqiqat və inkişafa böyük sərmayə qoyduğunu, ölkəmizdə kənd təsərrüfatının inkişafı məqsədilə subsidiya, kredit və güzəşt formasında güclü dövlət dəstəyi mexanizmlərinin mövcud olduğunu deyən nazir vurğulayıb ki, bütün xarici biznes subyektləri bu imkanlardan bərabərhüquqlu şəkildə yararlana bilər.

Bildirilib ki, resurslardan səmərəli istifadə etməklə məhsuldarlığın artırılması, iqlimə uyğunlaşmış, yaşıl və rəqəmsal kənd təsərrüfatının yaradılması, həmçinin ixrac məhsullarının və coğrafiyasının şaxələndirilməsi əsas hədəflərdəndir. 

Tədbirdə çıxış edən Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Zəkiyyə Mustafayeva, Türk Dövlətləri Təşkilatının Macarıstandakı Nümayəndəliyinin missiya rəhbəri, OTS Quraqlığın Qarşısının Alınması İnstitutunun sədri Balazs Hendrich, “Agrodairy” MMC-nin baş icraçı direktoru Niyazi Əmirbəyov, “Azərşəkər” MMC-nin baş icraçı direktoru Nəsib İslamzadə, “Carlsberg Azerbaijan” şirkətinin baş icraçı direktoru Alius Antulis Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarında aqrobiznes və qida sənayesində investisiya imkanları,  kənd təsərrüfatı sektoruna dövlət dəstəyi, strateji tərəfdaşlıqlar vasitəsilə kənd yerlərinin inkişafı və kənd təsərrüfatı ixracının artırılması, keyfiyyətli məhsul istehsalı, innovativ avadanlıqların tətbiqi, kənd təsərrüfatı texnologiyalarının və biliklərinin inkişafı məqsədilə İtaliya-Azərbaycan Universiteti ilə əməkdaşlıqla bağlı fikirlərini bölüşüblər. 

Tədbirdən sonra nazir forum çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin təmsil olunduğu “Agro Technology” bölməsinə baş çəkib. Bu pavilyonda Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə yerli aqrar startapçılar öz məhsullarını nümayiş etdiriblər. Burada, suvarma şəbəkələrinin avtomatlaşdırılması, sensor texnologiyaları, biotexnoloji üsullarla istehsal edilmiş bitkilərin satışını həyata keçirən vahid platforma, aqrar fəaliyyətlərin ağıllı idarəedilməsi üzrə proqram təminatları nümayiş etdirilib.

Bundan əlavə, startapçılar tərəfindən su hövzələrində və akvariumlarda toplanan balıq atqılarından filtrasiya yolu ilə ekoloji təmiz və iqtisadi cəhətdən sərfəli gübrənin əldə olunmasına yönəlmiş layihə, heyvandarlıqda yerli GPS izləmə sistemi, propandiol molekulunun bioloji fermentasiya üsulu ilə ekoloji mühitdə alınması, həmçinin bitki xəstəliklərinin foto əsasında müəyyən olunmasına imkan verən mobil tətbiq və digər innovativ ideyalar təqdim olunub.

Bununla yanaşı, Aqrar Texnologiyalar bölməsində investorlar üçün heyvandarlıq, istixana və bağçılıq sahələrində perspektiv investisiya layihələrinin təqdimatı keçirilib. Həmçinin, bu bölmədə Cəbrayıl rayonunda perspektiv istixana layihəsi, işğaldan azad olunmuş ərazilərdə müasir və effektiv istehsal fəaliyyəti üçün fermerlərə yaradılmış güzəştlər, Göygöl rayonunda 100 hektar sahədə intensiv üsulla salınacaq üzüm, gilas və ərik bağları, bu rayonda tikilməsi planlaşdırılan heyvandarlıq təsərrüfatı ilə bağlı təqdimatlar keçirilib.

.