Hörmətli Şakir bəy və “Novoye Vremya” qəzetinin dəyərli kollektivi!
“Novoye Vremya” qəzetinin yaranmasının 27-ci ildönümü münasibətilə Sizi ürəkdən təbrik edirəm!
Qəzetin 27 illik fəaliyyət yoluna həsr olunmuş “27 лет верности слову” yazısını oxuyarkən bir daha düşündüm ki, mətbuatın həqiqi dəyəri yalnız gündəlik hadisələri işıqlandırmaqla ölçülmür. Onun dəyəri həm də cəmiyyətin yaddaşına nə verdiyində, ictimai düşüncənin formalaşmasına necə töhfə göstərdiyində və zamanın sınağından keçəcək hansı fikirlərə yer ayırdığındadır.
“Novoye Vremya” illər ərzində ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatının müxtəlif istiqamətlərini işıqlandıraraq özünəməxsus jurnalistika ənənəsi formalaşdırıb. Sözə məsuliyyətlə yanaşmaq, faktlara əsaslanmaq və oxucu etimadını qorumaq kimi prinsiplərə sadiqlik qəzetin keçdiyi yolun mühüm xüsusiyyətlərindəndir. Bu baxımdan onu Azərbaycanın nüfuzlu media nəşrlərindən biri kimi qiymətləndirir, qazandığı mövqeyə və formalaşdırdığı peşəkar ənənələrə hörmətlə yanaşıram.
Şəxsən mənim üçün bu qəzetlə bağlılığın daha bir xüsusi tərəfi var. Son dövrdə elmi-publisistik araşdırmalarımın, mədəni irsə, tarixi yaddaşa və tətbiqi sənətin müxtəlif problemlərinə həsr olunmuş məqalələrimin “Novoye Vremya”nın səhifələrində mütəmadi dərc olunması mənə həm minnətdarlıq, həm də qürur hissi verir.
Redaksiyanın araşdırmalarıma və yazılarıma göstərdiyi diqqəti yüksək qiymətləndirirəm. Çünki elmi-publisistik məqalə yalnız bu günün oxucusu üçün yazılmır. O, araşdırılan mövzuya dair faktları, düşüncələri və nəticələri gələcəyə ötürmək, müəyyən bir dövrün elmi-mədəni mənzərəsini gələcək nəsillər üçün qorumaq məqsədi də daşıyır.
Məni qürurlandıran məqamlardan biri də budur: bu gün apardığım araşdırmaların və elmi axtarışlarımın nəticələri qəzetin səhifələrində özünə yer tapırsa, deməli, onların gələcək oxuculara çatması, zamanın yaddaşında iz qoyması üçün də bir imkan yaranır. İnanıram ki, illər sonra bu yazılara müraciət edənlər təkcə ayrı-ayrı məqalələrlə deyil, həm də dövrümüzün mədəni irsə və tarixi yaddaşa münasibətini əks etdirən düşüncələrlə qarşılaşacaqlar.
Bu imkana görə Şakir bəyə və qəzetin kollektivinə səmimi təşəkkürümü bildirirəm. Yazılarımın dərc olunmasını yalnız müəllif əməyinə göstərilən diqqət kimi deyil, elmi və mədəni mövzuların ictimai müzakirəsinə verilən dəyər kimi də qəbul edirəm.
Hörmətli Şakir bəy, Sizə və bütün redaksiya kollektivinə möhkəm cansağlığı, yaradıcılıq enerjisi və yeni uğurlar arzulayıram. Qoy “Novoye Vremya” bundan sonra da sözə sədaqət, peşəkarlıq və məsuliyyət prinsiplərinə sadiq qalaraq Azərbaycan mətbuatında öz layiqli yerini möhkəmləndirsin, yeni nəsil müəlliflərə və dəyərli araşdırmalara səhifələrində yer ayırsın.
27 yaşınız mübarək, “Novoye Vremya”!
Bu qəzetin səhifələrində mənim araşdırmalarımın da iz qoymasından qürur duyuram. Arzum budur ki, həmin izlər gələcək nəsillər üçün də faydalı olsun və bu nəşrin zəngin salnaməsinə öz töhfəsini versin.
Isgəndər Sərdarlı
