ABŞ və İran ilkin razılaşma layihəsinin mətnini razılaşdırıb.

“Axios” nəşrinin məlumatına görə, yaxın günlərdə imzalana biləcək qarşılıqlı anlaşma memorandumunun layihəsinə əsasən, Hörmüz boğazının dərhal açılması, İrana qarşı sanksiyaların yumşaldılması, Livan da daxil olmaqla atəşkəs rejiminin 60 gün uzadılması nəzərdə tutulur.

Memoranduma əsasən, İran heç vaxt nüvə silahı yaratmayacağına və zənginləşdirilmiş uran ehtiyatları məsələsini həll edəcəyi barədə öhdəlik götürür.

Bunun qarşılığında ABŞ Tehranın razılaşma şərtlərini yerinə yetirməsindən asılı olaraq, sanksiyaları mərhələli şəkildə yumşaltmağa başlayacaq.

“Axios”un məlumatına görə, ABŞ Prezidenti Donald Tramp yüksək zənginləşdirilmiş uranın İranda BMT müfəttişlərinin nəzarəti altında saxlanılması variantının mümkün həll yollarından biri ola biləcəyini qəbul edib.

Sənəddə həmçinin ABŞ blokadasının dayandırılmasından və razılaşmanın imzalanmasından sonra 30 gün ərzində Hörmüz boğazında gəmiçiliyin müharibədən əvvəlki səviyyəyə qaytarılması planlaşdırılır.

Nəşr qeyd edir ki, Trampın razılaşmanın başa çatdığını elan etməsi İsrailin Baş naziri Benyamin Netanyahu üçün gözlənilməz olub. Məlumata görə, son günlər Netanyahu vəziyyətdən xəbərsiz olub və Tramp administrasiyasına yaxın müttəfiqlərlə əlaqə saxlayaraq məlumat almağa çalışıb.

Vasitəçi ölkələrdən birinin diplomatı “Axios”a bildirib ki, ABŞ və İran razılaşma mətnini razılaşdırıb, lakin sənəd hələ yekun təsdiqdən keçməlidir.

.