Qarabağımızın gözü Ağdam şəhəri erməni işğalından azad olundu. 20.11.2020-ci il tarixində uzun illərin həsrətindən sonra Ağdama qovuşduq, artıq o, bir nəfəs qədər yaxındadır bizə...

Və bu gün düşmənin viranə qoyduğu, lakin azadlığına qovuşan Ağdam dünyaya yenidən gəlişinin sevincini yaşayır. Bu sevinc ağdamlıların düşüncələrində, xatirələrində, sözlərində, dillərindədir, göz yaşlarındadır. Ağdam əzizlənir, sevilir...

Bu dəfə Ağdam haqqında hafta.az-a Ağdamda doğulub, böya-başa çatan “Novoe Vremya” qəzetinin baş redaktoru Şakir Ağayev danışacaq...

- Şakir müəllim, gözünüz, gözümüz aydın... Azərbaycanımız bir parçasına da qovuşdu. Bu qələbənin təəssüratlarını bizimlə bölüşün. Bu anları sözə, yazıya çevirsəz hisslərinizi necə ifadə edərdiz?

- Hamımızın gözü aydın. Bu gün hər kəs ağdamlıdır. Bu gün hansı rayon azad olunursa, hamımız oralı oluruq. Bu gün hamımız zəngilanlıyıq, cəbrayıllıyıq, qubadlıyıq, füzuliliyik, şuşalıyıq, ağdamlıyıq, Kəlbəcər alınanda kəlbəcərli, Laçın alınanda laçınlı, Xankəndi alınanda xankəndli, Xocalı alınanda xocalı olacağıq. Bir sözlə, hamımız qarabağlı, Qarabağ da Azərbaycanlıdır.

Bir insanın doğulduğu, böyüdüyü torpağın 27 ildən sonra düşmən işğalından azad olunması sözlə ifadə oluna bilməyəcək qədər çətin, sözlərin acızlik etdiyi qədər böyük və zərif hisslərlə doludur. Ağdamda doğulmuş, böyümüş, yaşamış bir insan üçün 27 ildən sonra yenidən o torpaqların geriyə qaytarılmasını görmək, yenidən o torpaqlara qovuşacağını düşünmək əvəzolunmaz hisslərdir. Bizə bu hissləri yaşatdıqları üçün böyük fəxarətlə deyirəm: yaşasın Azərbaycan ordusu, yaşasın Azərbaycan əsgəri, yaşasın Azərbaycan xalqı, yaşasın Ali Baş Komandan. İnanın ki, hisslərimi deməyə söz tapmıram. Bu gün hələ ki, yaşadıqlarımız bizə bir yuxu kimi gəlir...

- Ata-babaların, nəsillərin şah damarı, ana vətənin bu gözəl guşəsinin geriyə qayıtarılması bir azərbaycanlı üçün hansı nidadır?

- 27-30 il müddətində o torpaqlardan ayrı düşmək ağırdır və bu gün ona qovuşmağımızın sevinci ilə yanaşı, onun dərdlərini də içimizdə əridirik, ağlayırıq...

Ağdam Qarabağın ən gözəl, ən müasir şəhərlərindən biri olub. Bu gün Ağdamın o gözəlliyinin yerində xarabalıq görmək məni çox incidir. Vəhşi, bəşəriyyətin üz qarası olan erməni vandalları Ağdamı yerlə-yeksan eləyib. Hətta faşist Almaniyası, Hitler belə zəbt etdiyi əraziləri bu cür viran qoymamışdı. Nə edək ki, biz həm də şərəfsiz, ləyaqətsiz düşmənlə üz-üzəyik. Erməni mənfurlarının işğalının, vəhşiliyinin adı yoxdur.

Amma Ağdamı azad etdik, şükürlər olsun, şəhərimizi yenidən quracağıq, abadlaşdıracağıq. Dövlət bu prosesdə də öz vətəndaşının yanında olacaq. Şəhərlərimiz əvvəlkindən də yaxşı olacaq. Çünki müasir iqtisadi imkanlarımız yaxşıdır. Ağdamlılar Ağdamı yenidən o gözəlliyinə qovuşduracaq.

Tək Ağdama görə yox, 30 ildir Azərbaycana qarşı davam edən bu işğala, görə başımız aşağı idi. İstər dünyada, istər ölkəmizdə, öz ailəmizin içində başımızı dik tuta bilmirdik. Bu gün başımız dikəldi, qamətimiz ucaldı, verilən sualların cavabı verildi. Bu necə bir hissi yarada bilər ki, sən öz övladına doğulduğun, böyüdüyün  torpağı, evi göstərə bilmirsən. O sənə sual verəndə ki, harda doğulmusan, harda böyümüsən, ona heç nə deyə bilmirsən. Övladına deyə bilmirsən ki, mən bu evdə doğulmuşam, bu məhlədə böyümüşəm, mən bu rayonun suyunu içmişəm, havasını udmuşam. Şükürlər olsun ki, artıq övladlarımızın, nəvələrimizin bizə verdikləri suala verəcəyimiz bir cavab, deyəcəyimiz bir söz var. İndi övladlarım, nəvələrim, gəlinlərim mənə gözaydınlığı verirlər. Böyük sevgi ilə yayda Ağdama getmək üçün xəyallar qururlar, şükr edirlər ki, nəhayət illərin niskili bitib, şükr edirlər ki, atalarının doğulub boya başa çatdığı yerləri görəcəklər. Bilirsiz, bu hisslər başqa hisslərdir. Burda uşaqların “o yerləri görmək istəyirik” kimi sözləri sadəcə bir arzu olsa da, onun içində 27 ildir məğlub görünən atanın, məğlub görünən vətənin qalibiyyətinin təntənəsi var. Bu xoş hissləri keçirmək çox qürurvericidir.

Biz 27 il idi bundan məhrum olmuşduq, 27 il idi ki, bu əziyyəti içimizdə çəkmişdik. Bu 30 illik münaqişə, müharibə bizə 300 ilə bərabər bir tarix kimi gəldi. Allah ölənlərə rəhmət eləsin, mənim rəhmətlik atam Ağdam həsrəti ilə bu dünyadan köçdü. Bu gün mən artıq atama deyə bilərəm ki, ata, ruhun şad olsun, Ağdam geri qayıdıb. Bundan gözəl nida ola bilərmi?!.

- Şakr müəllim, Ağdama necə qayıtmağı düşünürsüz, bu səfərə necə hazırlaşırsız?

- Bu gün Azərbaycan çox böyük tarixi mərhələni adlayır. Biz tarixi günlər yaşayırıq. Bu günlər Azərbaycanın tarixinə qızıl hərflərlə yazılacaq.

İnanın ki, qaydalar-qanunlar imkan versə, bu dəqiqə Ağdama gedərdim. Amma başa düşürəm mövcud vəziyyəti, problemləri. Təbii ki, Ağdam qurulacaq, dövlət strukturlarımız öz işlərini görəndən sonra qayıdış olacaq.

Amma Ağdama getsəm, birinci neyliyərdim? Birinci doğulduğum evə, məhliyə gedərdim. Ağdama gedəndə, birinci evimizə, sonra babalarımın, nənələrimin dəfn olunduqları yerləri ziyarət edəcəyik. Və Ağdamın girişində birinci əyilib torpağı öpərdim. Gözübağlı, gözüyumulu doğulduğum evə, böyüdüyüm o məhləyə gedərdim.

...Və ilk növbədə düşünərdim ki, oranı necə bərpa edim, necə yenidən yaşadım... Ürəyimdən çox şeylər keçir və sonrakı planlarda təbii ki, yavaş-yavaş gerçəkləşməsi üçün addımlar atılacaq.

Lakin ilk anda Ağdamın dirçəlməsi, bərpası üçün mənim də hər hansı bir rolumun olmasını istərdim. Ağdama qayıdıb orda işləmək, fəaliyyət göstərmək mənim üçün qürurvericidir. İlahinin bu gününə şükr, qovuşdurana şükr. Şükr ki, Ağdam bizə, biz də Ağdama qayıtdıq. Allah xalqımızın, ordumuzun başını həmişə uca eləsin. Bizə bu günləri də yaşatdı.

- Ağdam döyüşsüz, şəhid vermədən azad olundu. Bunu necə qiymətləndirərdiz?

- Torpaqlarımızın qan-qadasız azad olunması əlbəttə ki, çox uğurlu siyasətin nəticəsidir. Təbii ki, Ağdamın azad olunması 10 noyabrda imzalanan üçtərəfli bəyanata əsasən olsa da, düşməni o masada oturmağa məcbur edən Azərbaycan Ordusunun gücü, dəmir yumruğumuzun möhkəmliyi idi. Şükürlər olsun, çox sevindirici haldır ki, buna qərar verən Azərbaycan diplomatiyası və sülh missiyasını üzərinə götürən Rusiya Ermənistanı qrafikə uyğun olaraq Ağdamdan çıxmağa məcbur etdi. Amma Azərbaycan bu torpaqlar uğrunda 30 ildir şəhidlər verir. Hələ 1-ci Qarabağ müharibəsində verdiyimiz 20 min şəhidin 6 mini Ağdamdan olub. Şükürlər olsun ki, üç rayonumuz qan-qadasız geri qaytarılır. Düşünürəm ki, bu proses sona qədər uğurla davam edəcək və Azərbaycanın Qarabağı tam şəkildə azad ediləcəkdir.

- Bu 44 günlük müharibədə informasiya sərhədlərini necə aşa bildik. Bir jurnalist olaraq, necə hesab edirsiz, torpaqlarımızın işğalı və erməni vandallığı barədə dünyaya yetərli məlumatlar ötürə bildikmi? Dünyanın kor gözləri açılırmı?

- Çox vaxt ədalət elə söz olaraq qalır. Təəssüflər olsun ki, bu gün dünya erməni vandalizmini görə-görə onu ifşa etmir. Ölkəmizə qarşı yönələn ikilistandartlar beynəlxalq ədalətə inam azaldır. Və proseslər bir daha Azərbaycanın və onun insanlarının qarşısında bir həqiqəti çıxardı ki, güclənmək və birlik olmaq lazımdır. Və bu güclə bu 44 günlük müharibədə də bütün dünyaya öz həqiqətlərimizi çatdırdıq. Təbi ki, bu prosesdə əsas missiyanı Ali Baş Komandan yerinə yetirdi. Prezidentin müsahibələrində Azərbaycan həqiqətləri və erməni vəhşilikləri açıq və kəskin şəkildə dünya ictimaiyyətinə elə onların öz mətbuatı vasitəsi ilə çatdırıldı. Müharibədən sonra dünya mətbuatı erməni vəhşiliyini, törətdiyi dağıntıarı yaxından izlədi.  Dünya mətbuatı ermənilərin Azərbaycanda hansı vandalizmi törətdiyini öz gözü ilə gördü. Dünya mətbuatı ermənilərin Kəlbəcəri necə yandırdıqlarını, meşələri necə qırıb taladıqlarını, heyvanları necə öldürdüklərini, yandırdıqlarını öz kadrlarına köçürdülər və yaydılar. Dünya erməni vəhşiliyini təkcə bu gün deyil, 30 ildir ki, görür. Çox təəssüf ki, bu gün Avropa dövlətləri Azərbaycana qarşı yersiz ittihamlar irəli sürür. Niderland parlamenti Azərbaycana dəstək olduğuna görə Türkiyəyə sanksiya tətbiq edir. 30 il münaqişənin həlli ilə bağlı həmsədr olan Frsnsa bu gün deyir ki, mənim üçtərəfli bəyanatdan xəbərim yoxdur. Bu dövlət nə qədər ədalətsiz, nə qədər utanmaz olmalıdır ki, belə bir mövqe sərgiləyə bilsin. İndi bu dövlətlər ATƏT-in yenidən danışıqlara cəlb edilməsini, “status-kvo ilə bağlı məsələləri bərpa etmək üçün cəhdlər edirlər. Təbii ki, bu barədə Prezident öz sözünü deyib və heç cür buna geri dönülə bilməz.

Bir media qurumunun rəhbəri olaraq gördüyümüz işlərə gəlincə, təbii ki, biz həm rus, həm Azərbaycan dillərində yaydığımız xəbərlər, eləcə də şəxsi kanallarımızla haqq işimizi, erməni vandallığını dünyaya çatdırırıq. 30 ildən sonra Ağdamda haqq-ədalət bərpa edildi. İnşallah cinayətkar ermənilər cəzalarını alacaqlar və ölkəmizə vurduqları milyardlar dəyərində ölçülən zərəri ödəməlidirlər. Amma düşünürən ki, düşmənin milli-mədəni-mənəvi dəyərlərimizə vurduğu zərərlər heç bir qiymətlə ölçülə bilməz. Ümid edirəm ki, dünyanın tutulmuş gözləri açılacaq. Əslində bu dünyanın gözü, torpaqlarımız işğal olunandan tutulub. Amma biz öz gücümüzlə onları gözlərini açmağa məcbur edəcəyik.

- 27 illik ayrılıqdan sonra bir ağdamlı kimi, Ağdama nə sözünüz var?

- Ağdama nə sözüm ola bilər. Ağdam bizi bağışlasın ki, bu 27 -30 ildə ondan ayrı yaşadıq. Yəqin ki, bizi bağışlayar, neçə illər onu erməni tapdağından qurtara bilmədiyimizə görə bizi bağışlayar, o torpaq bizi qəbul edər. Ona sözüm budur ki, doğma Ağdamım, axır ki, biz qovuşduq. Amma bu illər ərzində çox şey anladıq. Ağdamın bizim üçün nə demək olduğunu yenidən dərk etdik. Anladıq ki, biz bu heç nə ilə ölçüyə gəlməyən bu sərvətin qədrini bilib onu qorumalıyıq. Və özümüz üçün yəqin etdik ki, bir daha bu torpaqlara mənfur düşmənin ayaq basmasına imkan verməyəcəyik.

Bəli, torpaqlarımız azad olunur, amma öndə bu torpaqların abadlaşması, bu torpaqlarda həyatın bərpa edilməsi istiqamətində çox böyük işlərimiz var. Hesab edirəm ki, biz onun da öhdəsindən uğurla gələcəyik. Bu sınaqdan da üzü ağ çıxacağıq. Qarabağı dünyanın turizm mərkəzinə, azad iqtisadi zonasına, sənaye mərkəzlərindən birinə çevrəcəyik. Buna Qarabağın iqlimi, reliyefi, gözəlliyi, insanlarının potensialı imkan verir. Bu 30 ildə bu torpağın insanları əyilmədi, sınmadı, dözdü yaşadısa, demək öz yurlarına qayıdandan sonra daha böyük nailiyyətlər qazanacaqlar. Mən buna şübhə etmirəm.

.