Rusiya Ukrayna ilə danışıqları bərpa etməyə hazırdır.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna ətrafındakı vəziyyətə həsr olunmuş səfirlərin dəyirmi masasında çıxışı zamanı bildirib.
“Rusiya həmişə olduğu kimi, Kiyevlə danışmağa hazırdır. Biz Ukrayna tərəfi ilə danışıqları onların dayandığı nöqtədən istənilən vaxt bərpa etməyə hazırıq”, – Lavrov vurğulayıb.
Nazirin sözlərinə görə, Avropa ölkələri Ukrayna ilə bağlı bərabərhüquqlu danışıqlar imkanlarını rədd edir və Rusiyanın kapitulyasiyasına nail olmağa çalışır:
“Hazırda istənilən bərabərhüquqlu danışıqlar imkanı Brüssel bürokratları və onların Berlin, Paris və Londondakı tərəfdaşları tərəfindən rədd edilir. Onlar Rusiyanın kapitulyasiya etməsini və Ukraynanın ya NATO, ya da Avropa İttifaqı tərəfindən udulması ilə barışmasını istəyirlər”.
Lavrov qeyd edib ki, Avropa elitalarının siyasəti Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatın məqsədlərinə çatmasına mane olmayacaq: “Avropa elitalarının və onların Kiyevdəki tərəfdarlarının bütün cəhdlərinə baxmayaraq, xüsusi hərbi əməliyyatın bütün məqsəd və vəzifələri yerinə yetiriləcək”.
O, həmçinin Ukraynanın neytral, bloklara qoşulmayan və nüvəsiz statusunun təmin edilməsinin vacibliyini vurğulayıb: “Ukraynanın neytral, bloklara qoşulmayan və nüvəsiz statusu praktikada təmin edilməlidir. Məhz bu status onun Müstəqillik Bəyannaməsində təsbit olunub və Rusiya da daxil olmaqla bütün dövlətlər Ukraynanı məhz bu statusla tanıyıblar”.
.
