Qərbi Balkanlar, Moldova və Ukraynanı Avropa İttifaqına (Aİ) üzvlüyə aparan yol sadəcə bir vəd deyil, prioritetdir.

Bu barədə Aİ Şurasının sədri Antoniu Kosta "X" hesabında yazıb.

O vurğulayıb ki, Avropa İttifaqı Ukraynanı Rusiya ilə münaqişədə ardıcıl surətdə dəstəkləyir. "Bizim dəstəyimiz müharibənin üç ildən çox davam etməsinə baxmayaraq, Ukraynanın öz suverenliyini qorumasına kömək etdi. Biz onun bərpasını və Aİ-yə üzvlük yolunu da dəstəkləyirik. Bizim təhlükəsizliyimiz Ukraynanın dayanıqlılığı, eləcə də gücün qanundan üstün ola bilməməsi ideyası ilə bağlıdır", - Aİ Şurasının sədri bildirib.

A.Kosta, həmçinin Avropanın müdafiə potensialının gücləndirilməsinin vacibliyinə diqqət çəkib. Onun sözlərinə görə, "geosiyasi sadəlövhlüyü" müdafiə sahəsinə investisiyaların əhəmiyyətli dərəcədə artımı əvəz edir ki, bu da Aİ-də təhlükəsizliyi, sənayeni və iş yerlərini gücləndirməyə, beynəlxalq arenada təsirini artırmağa imkan verəcək.

"Biz ABŞ-nin NATO-da iştirakını və Şərqi Avropanın təhlükəsizliyinə sadiqliyini təmin etdik. Eyni zamanda, biz bütün dünyada daha möhkəm ticarət və sənaye tərəfdaşlıqları qururuq ki, bu da ticarəti stimullaşdırmaq və strateji asılılıqları azaltmaq məqsədinə xidmət edir", - o əlavə edib.
 

.