“Konqo xalqı tarix boyu ən çox təzyiqlərlə üzləşən xalqlardan biridir və bu gün qarşıda duran əsas vəzifələrdən biri keçmiş ədalətsizliklərin nəticələrinin aradan qaldırılmasıdır. Bakı Təşəbbüs Qrupuna bu mövzuda təşəbbüs göstərdiyinə görə təşəkkür edirəm”.
Bunu Konqonun Milli İnsan Hüquqları Komissiyasının prezidenti Paul Nsapu Mukulu Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən “Belçika müstəmləkəçiliyinin ədalətsizlikləri və təzminat mübarizəsinin 101 ili” mövzusunda beynəlxalq konfransda deyib.
O qeyd edib ki, bu kimi təşəbbüslər yalnız tərəflərdən birinin maraqlarına xidmət edən deyil, hər iki tərəf üçün məqbul və davamlı həll yollarının müəyyənləşdirilməsinə imkan yarada bilər.
Paul Nsapu Mukulu vurğulayıb ki, insan hüquqları institutları və bu məsələdə maraqlı olan digər tərəflər keçmişdə baş vermiş, müəyyən formalarda isə bu gün də davam edən ədalətsizliklərin aradan qaldırılması üçün konkret həll yolları üzərində işləməlidirlər.
O əlavə edib ki, müstəmləkəçilik məsələsinə yalnız tarixi hadisə kimi yanaşmaq düzgün deyil, çünki bu, eyni zamanda insan hüquqları məsələsidir.
Konqo Demokratik Respublikası Belçikadan müstəmləkəçiliklə bağlı ədalətsizliklərin tanınmasını istəyir
Reparasiya yalnız maliyyə ödənişi ilə məhdudlaşmamalıdır. İlk növbədə törədilmiş ədalətsizliklərin tanınması, onların nəticələrinin aradan qaldırılması və bu kimi halların gələcəkdə təkrarlanmamasının təmin edilməsi vacibdir.
Bunu Konqo Demokratik Respublikasının Milli Assambleyasının deputatı C-B. Francis Tshibalabala Mukunay Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən “Belçika müstəmləkəçiliyinin ədalətsizlikləri və təzminat mübarizəsinin 101 ili” mövzusunda beynəlxalq konfransda deyib.
O qeyd edib ki, reparasiya Belçika ilə Konqo Demokratik Respublikası arasında keçmişin yaratdığı komplekslərdən azad, bərabərlik və qarşılıqlı hörmətə əsaslanan yeni münasibətlərin qurulmasına da imkan verməlidir:
“Konqo xalqı tarixin silinməsini deyil, onun olduğu kimi tanınmasını və öyrədilməsini istəyir. Üzləşməkdən imtina etdiyimiz tarix xalqlar arasındakı münasibətlərə təsir etmək üçün hər zaman geri qayıdacaq. Əksinə, tanınan, öyrədilən və qəbul edilən tarix yeni münasibətlərin başlanğıc nöqtəsinə çevrilə bilər”.
Deputat vurğulayıb ki, reparasiya çərçivəsində sənət əsərlərinin və mədəni sərvətlərin restitusiya yolu ilə qaytarılması, həmçinin arxivlərin və insan qalıqlarının mənşə ölkəsinə geri gətirilməsi də təmin edilməlidir.
Belçikanın müstəmləkəçilik siyasəti ölkədə iqtisadi və sosial böhrana səbəb olub
Belçikanın müstəmləkəçilik siyasəti Konqoda iqtisadi və sosial böhranın formalaşmasına səbəb olan əsas amillərdən biri olub.
Bunu Konqonun UNESCO üzrə Milli Komissiyasında Gənclər Proqramları üzrə köməkçisi Ester Kile Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən “Belçika müstəmləkəçiliyinin ədalətsizlikləri və təzminat mübarizəsinin 101 ili” mövzusunda beynəlxalq konfransda deyib.
Ester Kile bildirib ki, müstəmləkəçilik dövründə formalaşan iqtisadi model sonrakı illərdə də ölkənin xarici resurslardan və xaricə yönəlmiş iqtisadi münasibətlərdən asılılığını davam etdirib.
Onun sözlərinə görə, həmin dövrün təsirləri yalnız iqtisadi sahə ilə məhdudlaşmayıb. Cəmiyyətdə yaranan qütbləşmə, irqi ayrı-seçkilik və ayrı-ayrı qruplara qarşı qərəzlər, eləcə də müstəmləkə idarəçiləri ilə yerli əhali arasındakı münasibətlər bu siyasətin uzunmüddətli nəticələri sırasında yer alır:
“Çoxsaylı vətəndaşların hüquqlarının məhdudlaşdırılması bərabərlik prinsipinə hörmətin itirilməsinə səbəb olub. Bu vəziyyətin izlərini bu gün də aydın şəkildə görmək mümkündür”.
O, tarixi yaddaşın qorunmasının və həmin dövrdə baş verənlərin gələcək nəsillərə düzgün çatdırılmasının vacibliyini vurğulayıb.
Ester Kile bu istiqamətdə Konqoya dəstəyin göstərilməsinin əhəmiyyətini də qeyd edib.
Müstəmləkəçiliyin təsirləri ərazi işğalı ilə yekunlaşmayıb
Təzminat məsələsi ətrafında aparılan müzakirələr çox zaman fikir ayrılıqlarına və qütbləşməyə səbəb olur.
Bunu Ruandanın Türkiyədəki səfiri Kayonga Çarlz Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən “Belçika müstəmləkəçiliyinin ədalətsizlikləri və təzminat mübarizəsinin 101 ili” mövzusunda beynəlxalq konfransda deyib.
O bildirib ki, diqqət yalnız keçmişdə baş verənlərə görə məsuliyyətin müəyyənləşdirilməsinə deyil, həmin dövrün yaratdığı nəticələrin aradan qaldırılması yollarına yönəldilməlidir.
Səfir qeyd edib ki, müstəmləkəçiliyin təsirləri ərazi işğalı ilə yekunlaşmayıb: “Bu siyasət nəticəsində siyasi hakimiyyətin həyata keçirilməsinə, sosial kimliyin formalaşmasına, iqtisadi münasibətlərə, eləcə də cəmiyyətin müxtəlif qruplarının proseslərə cəlb olunması və ya kənarda saxlanılmasına təsir edən institut və strukturlar meydana çıxıb.
Müstəmləkəçilik siyasi nəticələri birbaşa müəyyən etməyib, lakin həmin nəticələrin formalaşdığı strukturları yaradıb. Həqiqi dekolonizasiyaya nail olmaq və bu təsirlərdən azad olmaq üçün ilk növbədə həmin strukturların üzərinə işıq salmaq, onların təsirini müəyyənləşdirmək lazımdır”.
.
