Bəzi bölgələrdə və ucqar kəndlərdə təhsilə çıxışda müəyyən çətinliklər mövcuddur.
Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu problemlərin aradan qaldırılması üçün layihələr vasitəsilə gənclərin təhsil imkanları genişləndirilir:
"Qızların təhsilinə xüsusi diqqət göstərməyin öz səbəbləri var. Bəzi ailələrdə, xüsusilə ucqar kəndlərdə hələ də müəyyən stereotiplər qalır. Bəziləri düşünür ki, qız uşağının təhsili vacib deyil, onun ailə təsərrüfatı ilə məşğul olması kifayətdir. Bu cür yanaşmalar, təəssüf ki, hələ də mövcuddur. Halbuki Azərbaycan qanunvericiliyi bu halların qarşısını almaq üçün bütün hüquqi təminatları nəzərdə tutub. Buna baxmayaraq, bəzi istisna hallarda biz müvafiq tədbirlər görməyə məcbur oluruq ki, təhsildən uzaq düşmüş istər qız, istərsə də oğlan uşaqları yenidən məktəbə qaytarılsın".
Komitə sədri əlavə edib ki, hər bir valideyn hansı bölgədə yaşamasından və hansı sosial durumda olmasından asılı olmayaraq, övladının təhsilə yaxın olmasına çalışmalıdır:
"Valideynlik hüququndan təhsildən uzaqlaşdırmaq üçün deyil, əksinə, övladını təhsilə təşviq etmək üçün istifadə etmək lazımdır. Qızlarımızın təhsilinə ikiqat diqqət göstərmək lazımdır. Çünki qadını, qızı təhsilli, savadlı və özünə inamlı olan cəmiyyət mütləq şəkildə mükəmməl və güclü bir cəmiyyət olacaq".
Bu il 155 uşaq ailə himayəsinə qaytarılıb
Bu ilin ötən dövründə 155 uşaq ailə himayəsinə qaytarılıb.
Bunu Sosial Xidmətlər Agentliyinin Valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin müdir müavini Əhməd Mansurov DOST TV-nin efirində deyib.
Onun sözlərinə görə, müvafiq sahədə idarəetmə nazirliyə həvalə edildikdən sonra 1 486 uşağın müəssisəyə yerləşdirilməsi ilə bağlı müraciət daxil olub, onlardan 756 uşaq ailədə saxlanılıb:
"799 uşaq isə ailə himayəsinə reinteqrasiya edilib. Ümumilikdə 789 uşaq övladlığa verilib, 144 uşaq müəssisədən övladlığa götürülüb. Bu sahədə işlər davam etdirilir".
.
