Yurgen Klopp cari mövsümün sonunda İspaniyanın "Real" klubunun baş məşqçisi olacaq.

Bu barədə jurnalist Fransua Qallardo "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

Məlumata görə, Klopp komandanın hazırkı məşqçisinin rəhbərliyi altındakı nəticələrindən asılı olmayaraq, yayda "kral klubu"na rəhbərlik edəcək, çünki o, artıq müqavilə imzalayıb.

Almaniyalı mütəxəssislə müqavilənin hansı müddətə nəzərdə tutulduğu hələlik bildirilmir.

Xatırladaq ki, Xabi Alonso bu ilin yanvar ayında komandanın baş məşqçisi postunu tərk edib. Onu Alvaro Arbeloa əvəzləyib. "Marca" qəzetinin məlumatına görə, ispaniyalı mütəxəssislə müqavilə 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Kloppun 58 yaşı var, onun karyerasındakı sonuncu klubu 2015-ci ildən 2024-cü ilə qədər rəhbərlik etdiyi "Liverpul" olub. Onun rəhbərliyi altında komanda 2019-cu ildə Çempionlar Liqasını qazanıb, 2020-ci ildə isə 30 il ərzində ilk dəfə İngiltərə çempionu olub. 2019 və 2020-ci illərdə Klopp Beynəlxalq Futbol Federasiyasının versiyasına görə, ən yaxşı məşqçi seçilib. "Liverpul"dan ayrıldıqdan sonra o, "Red Bull" şirkətində futbol əməliyyatları üzrə rəhbər olub.

"Real" İspaniya çempionatının turnir cədvəlində 69 xalla ikinci yerdədir, lider isə rəqibini 4 xal qabaqlayan "Barselona"dır.
 

.