Avropa İttifaqı ölkələri ABŞ Prezidenti Donald Tramp, Ukrayna Prezidenti Volodimir Zelenski və Rusiya Prezidenti Vladimir Putinin bu ayın sonuna qədər mümkün görüşünün təşkili üçün bir neçə Avropa şəhərini qiymətləndirir.

Bu barədə “Sky News” Avropa İttifaqı strukturlarındakı mənbələrə istinadən yazır.

"Bu format sabahkı Alyaska görüşünün [Tramp və Putin arasında - red.] necə keçəcəyindən asılı olacaq. Müttəfiqlər görüş yerinin Avropada olması fikrində həmrəydirlər" - mənbə əlavə edib.

Agentliyin həmsöhbəti vurğulayıblar ki, əgər Alyaskadakı danışıqlar uğurla keçərsə, Aİ və ABŞ şənbə günü üç liderin görüşünün keçirilməsi məsələsi ilə bağlı müşavirə keçirəcəklər.

Daha əvvəl Zelenski görüşün Romada keçirilməsini təklif etmişdi. Lakin bir sıra Avropa dövlətləri danışıqların neytral məkanda, məsələn, Cenevrə keçirilməsinə çağırır.

Türkiyə də iki dəfə üçtərəfli danışıqlara ev sahibliyi etmək təşəbbüsü ilə çıxış edib.

Xatırladaq ki, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın görüşü avqustun 15-də Alyaskada Elmendorf-Riçardson hərbi bazasında keçiriləcək.

.