Avropa İttifaqı (Aİ) ölkələri Ukraynanın hava hücumundan müdafiə (HHM) sistemləri üçün təcili olaraq əlavə raketlər tapmalıdır.

Bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Aİ müdafiə nazirlərinin İrlandiyadakı qeyri-rəsmi görüşündən əvvəl bildirib.

"Əsas məsələ hava hücumundan müdafiədir. Onların (ukraynalıların) ələkeçirici raketlərə ehtiyacı var. Biz bilirik ki, bəzi ölkələr istifadə müddəti tezliklə başa çatacaq ələkeçiricilərə malikdir. Əhalinin qorunması məqsədilə Ukraynanın bu raketlərlə təmin edilməsi çox yaxşı olardı", - Kallas jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Aİ ittifaqın üzvü olmayan ölkələrlə də danışıqlar apararaq Ukrayna HHM-i üçün əlavə raketlər tapmağa çalışır. Bununla yanaşı, Brüssel Avropa raketlərinin istehsalının artırılması üzərində işləyir.

Kallas həmçinin qeyd edib ki, Aİ-nin müdafiə nazirləri hazırda təxminən 6,6 milyard avro vəsaitin dondurulduğu Avropa Sülh Fondunun (EPF) blokdan çıxarılmasına nail olmağa çalışacaqlar. Onun sözlərinə görə, mexanizmi yaxın günlərdə aktivləşdirmək mümkün olarsa, bir çox üzv dövlət onlara qaytarılan vəsaitləri birbaşa Ukraynaya yönəltməyə hazır olduğunu artıq bəyan edib.

.