İranda “Canfədа” kampaniyası çərçivəsində 1000 hərbi batalyonunun təşkilinə başlanılacaq.
Bunu “Canfədа” kampaniyasının Xalq Qərargahının sözçüsü Sasan Zare bildirib.
O qeyd edib ki, təşəbbüsə qoşulan könüllülərin 26 faizi hərbi və təhlükəsizlik fəaliyyətlərində iştirak etməyə hazırdır və 1000 hərbi batalyonun təşkilinə gələn həftədən başlanılacaq.
Zarenin sözlərinə görə, “Canfədа” təşəbbüsündə qeydiyyatdan keçən 31 milyon nəfərin 32 faizini qadınlar, 68 faizini isə kişilər təşkil edir.
O, könüllülərə lazımi təlimlərin verildiyini vurğulayıb. Diqqətə çatdırıb ki, təlimlər müasir müharibənin tələbləri və təhdidlərinə tam uyğun şəkildə hazırlanıb. Təlim proqramına yerli təhlükəsizliyin təmin edilməsi, ümumi müharibə hazırlığı, müşahidə, nəzarət və kəşfiyyat tədbirləri daxildir.
Zare vurğulayıb ki, həm kişilər, həm də qadınlar üçün nəzərdə tutulan təlimlərin bir hissəsi silahlı qüvvələrin obyektlərində keçiriləcək. Bundan əlavə, xüsusi və insanların çox olduğu ərazilərdə tam təlim avadanlıqları yerləşdiriləcək.
O əlavə edib ki, İranın ən mühüm strategiyası xalq potensialından istifadə etməkdir: “Bu gün ölkənin müdafiəsi prioritetdir və xalqın potensialının bir hissəsi bu istiqamətdə təşkilatlanacaq. Lakin bu təşəbbüsün digər imkanlarından iqtisadiyyat və insanların yaşayış problemlərinin həlli sahəsində də istifadə olunacaq”.
Qeyd edək ki, “Canfəda” kampaniyası fevral ayında ABŞ və İsrailin İrana hücumlarından sonra başladılıb. Kampaniyaya qoşulmaq könüllüdür. Burada məqsəd əhalinin İranın müdafiəsini təşkil etməsinə hazırlıqdır.
Xatırladaq ki, İranın əhalisi təxminən 90 milyondur.
.
