Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə Ermənistan cəmiyyətinin reaksiyası və bu kampaniyanın arxasında Ermənistan hakimiyyətinin dayanması qəbuledilməzdir.

İki ölkə arasında sülh və normallaşma prosesinə zərbə vuran bu cür reaksiya erməni cəmiyyətinin bədnam "miatsum" siyasətindən tam şəkildə imtina etməməsini, Azərbaycanın suverenliyini qəbul etmək və dinc qonşuluq şəraitində yaşamaq istəyində olmadığını göstərir.

Yeni Zaman saytı xəbər verir ki, bu fikirlər Yeni Zaman Partiyasının yaydığı bəyanatda öz əksini tapıb.

Bəyanatda qeyd olunub ki, Ermənistanın bu yanaşması Azərbaycanın daxili işlərinə müdaxilə cəhdi və irredentizmin yenidən alovlandırılmasına yönəlmiş addım kimi qiymətləndirilir. Bu, eyni zamanda, Ermənistanın sülh və normallaşma prosesində səmimi olmadığını göstərir.

Bəyanatda erməni cəmiyyətinə keçmişin səhvlərini təkrarlamamaq, Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinə son qoymaq, ölkəmizin suverenliyini və ərazi bütövlüyünü tam şəkildə qəbul etmək, habelə təxribatçı əməllərdən çəkinmək çağırışı edilib.

.